Ramin Mehmanpərəst: “İran Bostonda baş verən partlayışı qınayır”

Ramin Mehmanpərəst: “İran Bostonda baş verən partlayışı qınayır”
# 17 aprel 2013 13:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran ABŞ-ın Boston şəhərində baş verən partlayışı qınayır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.

O bildirib ki, İran baş verən hadisəyə və insan tələfatına görə üzüntü duyub: “İran günahsız insanların həyatını təhlükəyə atan istənilən addımı şiddətlə qınayır. Bütün dövlətlər öz xalqının təhlükəsizliyi üçün terrorun kökünü kəsməlidir. Çünki bu cür hadisələrin qətiyyən haqlı səbəbi ola bilməz. Bəzi dövlətlər öz maraqları naminə terror qruplaşmalarını dəstəkləyirlər. Terror və radikalizm hər kəsə zərər verir. ABŞ-da silahdan istifadə etmək geniş yayılıb və bu, vətəndaşların təhlükəsizliyini təhdid edir. Terror təşkilatlarının fəaliyyətinə icazə vermək, adlarını terror təşkilatları siyahısından çıxarmaq bütün insanlara mənfi təsir edir”.

Qeyd edək ki, aprelin 15-də yerli vaxtla saat 14.50-də ənənəvi illik Boston marafonunun yekun mərhələsində 20 saniyə fasilə ilə iki partlayış baş verib. Nəticədə 3 nəfərin öldüyü, 140 nəfərin xəsarət aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR