Norveç yığmasının baş məşqçisi: “Azərbaycanla görüş bizim üçün yaxşı təcrübə oldu”

Norveç yığmasının baş məşqçisi: “Azərbaycanla görüş bizim üçün yaxşı təcrübə oldu”
# 28 mart 2013 07:50 (UTC +04:00)

Bakı – APA. “Azərbaycanla oyunda bacardığımız qədər yaxşı çıxış etdik. Məni əsasən matçın əvvəli razı saldı”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Norveç yığmasının baş məşqçisi Esten Saeter deyib.


Dünən Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində millimiz ilk oyununda Norveçlə qarşılaşıb. Joze Alesionun yetirmələri bu qarşılaşmada autsayder sayılan skandinaviyalıları 6:0 hesabı ilə darmadağın edib.

Saeterin sözlərinə görə, millimizlə qarşılaşmada onların problemləri üzə çıxıb: “Biz qəti şəkildə problemlərimizi aradan qaldırmalıyıq. Çünki Azərbaycan kimi yüksək səviyyəli komandalarla qarşılaşdığımız zaman problemlərimiz özünü dərhal göstərir. Onlar yaxşı hazırlıqlı idi. Bizə yüksək təzyiq göstərirdilər. Hücumu məntiqi sonluğa çatdırmağı bacarırdılar. Azərbaycanla görüş bizim üçün yaxşı təcrübə oldu”.

Norveçli çalışdırıcı böyükhesablı məğlubiyyətdə yetirmələrinin əllərinə düşən vəziyyətdən yararlana bilməmələrini də səbəb kimi göstərib: “İkinci hissədə biz çox yaxşı güc nümayiş etdirdik. Ancaq bunun nəticəsini görə bilmədik. Çünki onlar son dəqiqələrdə bizdən daha üstün çıxış edirdi. Ancaq biz qol vurmalı idik. İmkanlarımız vardı, lakin şanslardan Azərbaycan yararlandı”.

Qeyd edək ki, Norveç bu gün Slovakiya ilə qarşılaşacaq. Millimiz isə Bakı vaxtı ilə saat 20:30-da Bosniya və Herseqovinanı sınağa çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR