Azərbaycan səfiri Pakistanın “Diplomatic Star” jurnalına müsahibə verib

Azərbaycan səfiri Pakistanın “Diplomatic Star” jurnalına müsahibə verib
# 12 noyabr 2015 09:39 (UTC +04:00)

Bakı – APA. Pakistanın “Diplomatic Star” jurnalının noyabr buraxılışında Azərbaycanın İslamabaddakı səfiri Daşqın Şikarovun müsahibəsi dərc olunub.

Səfirlikdən APA-ya verilən məlumata görə, jurnalın baş redaktoru Raca Əmir Mahmud Batti tərəfindən “Azərbaycanla Pakistan arasında çox böyük ticarət potensialı mövcuddur” başlığı ilə verilən müsahibədə Azərbaycan-Pakistan əlaqələri, iqtisadi əməkdaşlıq, investisiya mühiti, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularla bağlı suallara cavab verilib.

Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri zamanı imzalanan bəyanat və müqavilələr barədə sualı cavablandıran D. Şikarov səfərin ikitərəfli münasibətlər baxımından önəmli mərhələ olduğunu, “Strateji Müttəfiqliyə dair” birgə bəyanat verildiyini, Azərbaycan Diplomatik Akademiyası ilə Pakistan Xarici Xidmət Akademiyası arasında və Azərbaycan Tibb Universiteti ilə ZAB Tibb Universiteti arasında anlaşma memorandumları imzalandığını, eyni zamanda Bakıda hər iki ölkənin aparıcı biznes dairələrinin iştirakı ilə biznes forumun keçirildiyini qeyd edib. Səfir səfərin siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşməsinə töhfə verdiyini vurğulayıb.

Azərbaycanın iqtisadi inkişafı və xarici investisiya mühiti, habelə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyətinə toxunan D. Şikarov ölkəmizin xarici investisiya üçün əlverişli şərait yaradan, liberal investisiya siyasəti yeritdiyini, tanınmış transmilli şirkətlərin ölkəmizdə fəaliyyət göstərdiyini, fiziki və hüquqi şəxslərin qeydiyyatı və xarici valyuta dövriyyəsinə heç bir məhdudiyyət qoyulmadığını bildirib, Pakistan investorlarını Azərbaycana sərmayə qoymağa çağırıb.

Səfir Azərbaycanın eyni zamanda əsas nəqliyyat qovşağına çevrildiyini qeyd edərək, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi ilə yüklərin Şərqdən Qərbə daşınmasının asanlaşması ilə yanaşı Azərbaycan iqtisadiyyatına töhfə verəcəyini bildirib. Diplomat müsahibəsində inkişafa başlıca maneənin tarixən Azərbaycan əraziləri olan Dağlıq Qarabağ münaqişəsi olduğunu, ədalətin bərpası və BMT TŞ qətnamələrinin icrasının Azərbaycanın və bütün regionun inkişafına çox böyük təsir göstərəcəyini diqqətə çatdırıb.

Müsahibədə səfir qeyd edib ki, iqtisadi əlaqələr hələlik siyasi münasibətlərin səviyyəsinə çatmasa da, gələcəkdə iki ölkənin iqtisadi əlaqələrinin genişlənəcəyinin əlamətlərini görmək olur. Onun sözlərinə görə, investorların artan marağı bunu şərtləndirib, eləcə də Pakistan prezidentinin Azərbaycana səfəri zamanı hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən ikitərəfli biznes forum iqtisadi münasibətlərin güclənməsinə təkan verib.

2015-ci ilin sentyabr ayının 30-dan etibarən İslamabad-Bakı birbaşa təyyarə reysinin həyata keçirilməsinin Azərbaycan-Pakistan siyasi və ticarət əlaqələrinin təkmilləşməsinə təsirini vurğulayan səfir bu amilin həm ticarət əlaqələrinə, həm də iki ölkə xalqlarının rabitəsinə müsbət təsir edəcəyini bildirib.

Müdafiə sahəsində əməkdaşlıq imkanlarına gəldikdə D. Şikarov bu sahənin ikitərəfli əməkdaşlıq üçün zərurətindən, böyük potensialından danışıb, müdafiə əməkdaşlığının gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.

Jurnalistlərin Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı xeyriyyəçilik layihələri, fondun iş sahəsi, habelə gələcək planları ilə bağlı suallarını cavablandıran səfir Heydər Əliyev Fondunun 2005-ci ildə Pakistanda baş verən dəhşətli zəlzələdən dərhal sonra bu ölkədə fəaliyyətə başladığı, Müzəffərabadda 500 şagirdin təhsil aldığı qızlar məktəbi inşa etdiyi barədə məlumat verib. Səfir vurğulayıb ki, Heydər Əliyev Fondunun Pakistanın bütün əyalətlərində və bölgələrində mütəmadi olaraq apardığı xeyriyyəçilik işləri bu gün də davam edir. Bu fəaliyyət Pakistanın müxtəlif əyalətlərini, hətta Dera İsmayıl Xan, Tank, Lakki Marvat kimi ucqar bölgələri də əhatə edir. Səfir qeyd edib ki, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistan prezidenti Məmnun Hüseyn tərəfindən “Hilal-e Pakistan” ali ordeni ilə təltif olunması onun bu fəaliyyətinin Pakistanda yüksək qiymətləndirildiyini göstərir.

Dağlıq Qarabağ münaqişəsinin həlli, Pakistan və Azərbaycanın Qarabağ və Kəşmir məsələlərində bir-birinə dəstəyinə dair suala cavabında səfir 1994-cü ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların bir nəticə vermədiyini, Azərbaycan rəhbərliyinin humanizm prinsipləri və dinc yollarla münaqişənin həllinə çalışdığını diqqətə çatdırıb. O, Pakistanın birmənalı olaraq bu məsələdə Azərbaycanı dəstəklədiyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığını, Pakistan Senatının 1 fevral 2012-ci il tarixli qətnaməsi ilə Xocalı Soyqırımını rəsmən tanıdığını və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini, həmçinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “2013-cü ilin oktyabrında Pakistan Senatının daimi komitəsi daha bir qətnamə ilə ölkəmizin Azərbaycanın ərazi bütövlüyünü təsdiq edib. Bununla da Pakistan beynəlxalq normalara uyğun davrandığını və Azərbaycanla həmrəy olduğunu sübut edib. Azərbaycan hər zaman Kəşmir məsələsinin beynəlxalq normalar əsasında, BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun həll edilməsinə tərəfdar olmuş, bu yaxınlarda BMT Baş Assambleyasının iclası zamanı Nyu-Yorkda keçirilən İƏT Kəşmir Əlaqə Qrupunun görüşündə iştirak edib”.

Səfir Pakistandakı fəaliyyəti zamanı ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişafına çalışdığını, müasir dünyada xalqlar və dövlətlərin münasibətlərində xalq diplomatiyasından praqmatik və təsirli istifadə olunmasına inandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR