Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
# 22 oktyabr 2014 09:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ÜHİK-in sədri Mixail Şmakov bildirib ki, MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzi və 30 beynəlxalq həmkarlar ittifaqı birliyi ÜHİK ətrafında birləşib. Onun sözlərinə görə, AHİK 2001-cü ildən bu təşkilatın üzvüdür və hazırda ÜHİK-in bütün rəhbər orqanlarında təmsil olunur.

M. Şmakov deyib ki, Azərbaycan dövlətinin inkişafı həmkarlar ittifaqı təşkilatlarının da inkişafına təkan verir. O qeyd edib ki, tədbirdə ümumi təcrübə mübadiləsi aparılacaq, həmkarlar ittifaqlarının inkişaf perspektivləri müzakirə olunacaq.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev isə çıxışında bildirib ki, ölkədəki inkişaf özünü həmkarlar ittifaqı təşkilatlarının formalaşmasında da göstərir. Həmkarlar ittifaqlarının birliyinin möhkəmlənməsində və inkişafında ÜHİK-in rolunu yüksək qiymətləndirən S. Mehbalıyev deyib ki, AHİK-lə ÜHİK, eləcə də təşkilata üzv olan digər birliklər arasında əlaqələr çox yüksək səviyyədədir: “Qlobal problemlərin həllində birgə səylər göstəririk. Faydalı qarşılıqlı təcrübə, fikir mübadiləsi aparırıq və bunun çox böyük səmərəsi olur. AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, 2001-ci ildən isə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Üzv olduğumuz təşkilatların maraqlarına uyğun olaraq Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrimizi möhkəmləndiririk, onun layiqli əmək, əməyin və ətraf mühitin mühafizəsi uğrunda keçirdiyi daimi aksiyalarda iştirak edirik”.

S. Mehbalıyev qeyd edib ki, bu gün AHİK öz sıralarında 1 milyon 600 mindən artıq həmkarlar ittifaqı üzvünü, 27 sahə həmkarlar ittifaqı mərkəzini, 504 şəhər və rayon komitəsini, 68 birləşmiş həmkarlar ittifaqını, 10730 ilk təşkilatı birləşdirir: “Konfederasiyanın tərkibində 3 həmkarlar ittifaqı Federasiyası, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurası fəaliyyət göstərir. Ümid edirəm ki, İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi əlaqələrimizin daha da genişlənməsində və möhkəmlənməsində, eləcə də müştərək problemlərimizin həllində mühüm rol oynayacaq”.

Sonra iclas iştirakçıları gündəlikdə duran məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR