Avropa Liqası: “Qəbələ” – “Şiroki Briyeq” - 0:2 - VİDEO

Avropa Liqası: “Qəbələ” – “Şiroki Briyeq” - 0:2 - <span style="color: red;">VİDEO
# 03 iyul 2014 19:30 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan kubokunun finalçısı, Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” doğma arenada Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşıb.

Avrokubokların debütantı olan əyalət klubu ilk oyununu evdə keçirib. Bu matç yeni baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında ilk rəsmi görüş olub.

Görüşün ilk hissəsi “Qəbələ”nin ərazi üstünlüyü şəraitində keçib. Bununla belə, nə meydan sahibləri, nə də qonaqlar qapılar önündə real təhlükə yaratmağı bacarıb. Düzdür, ilk yarının ilk 20 dəqiqəsi ərzində Dodo və Viktor Mendi hesabı açmağa yaxın idi. Ancaq hər 2 futbolçu topa vaxtında yetişə bilməyib. Yeri gəlmişkən, ilk hissə “Şiroki Briyeq”in hücumçusu Stipo Markoviçin zədələnib, yerini Yosip Barişiçə verməsi ilə də yadda qalıb.

Fasilədən sonra rəqib özünə gəlib və oyuna daha aktiv başlayıb. “Şiroki Briyeq” xüsusən də kapitanları braziliyalı Vaqnerin ifasında təhlükəli vəziyyətlərlə yadda qalıb. Ancaq bir epizodda Kamran Ağayev, digərində isə müdafiəçilər rəqibin qol vurmasına imkan verməyib.

Bununla belə, Bosniya və Herseqovina təmsilçisinin ən təhlükəli futbolçusu olan Vaqner 73-cü dəqiqədə sol cinahdan irəliləyərək iti bucaq altından endirdiyi zərbə ilə hesabı açdı. Həmin epizodda Kamranın topu qolunun altından buraxmaqla kobud səhvə yol verdiyini də qeyd etməyə dəyər. Vaqner 88-ci dəqiqədə də fərqlənərək, görüşdə son nöqtəni qoydu.

Beləliklə, “Qəbələ” avrokuboklarda debütündə azarkeşlərini sevindirə bilmədi.

Qeyd edək ki, tərəflərin cavab oyunu 1 həftə sonra səfərdə baş tutacaq.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun

“Qəbələ” (Azərbaycan) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - 0:2
Qollar: Vaqner, 74; 89


Baş hakim: Artyom Kuçin (Qazaxıstan)

Qəbələ. Şəhər stadionu

“Qəbələ”: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 6. Vladimir Levin, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 36. Elnur Allahverdiyev, 44. Rafael


Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Kristian Pulhak, 3. Şirməhəmməd Məmmədov, 5. Sadiq Quliyev, 11. Andrey Kristya, 34. Ürfan Abbasov, 88. Müşfiq Teymurov

Baş məşqçi: Dorinel Muntyanu

“Şiroki Briyeq”: 23. Antonio Soldo, 7. Dino Çoriç, 8. Mate Pehar, 9. Mirko Moriç, 11. Qoran Zakariç, 14. Davor Landeka, 15. Vaqner (k), 19. İvan Peko, 21. Slavko Brekalo, 27. Neven Laştro, 33. Stipo Markoviç

Ehtiyat oyunçular: 12. Luka Bilobrk, 4. Daniyel Kojul, 6. Yosip Barişiç, 10. Yure İvankoviç, 17. Vlado Zadro, 18. Zvonimir Kojul, 28. Filip Mihalyeviç

Baş məşqçi: Slaven Musa

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR