Azərbaycan və İordaniyanın bədən zirehi və dəbilqə istehsalına dair layihəsi ləğv olunub

Azərbaycan və İordaniyanın bədən zirehi və dəbilqə istehsalına dair layihəsi ləğv olunub
# 08 noyabr 2012 15:31 (UTC +04:00)
APA-nın öz hərbi mənbələrinə istinadən verdiyi məlumata görə, layihə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Radioquraşdırma» zavodu ilə İordaniyanın Kral II Abdullahın Layihə Bürosu (KADDB) daxil olan «NP Aerospace Jordan» firması arasında imzalanmış müqaviləyə uyğun başlamalı idi. 2010-cu ilin may ayında Əmman şəhərində imzalanmış müqavilə ilə İordaniya şirkəti Azərbaycana bədən zirehi və dəbilqələrin istehsalı üçün lisenziya vermişdi.

Anlaşmaya əsasən, «NP Aerospace» «Radioquraşdırma» zavodunu 15 min ədəd dəbilqə üçün kompozit material, bədən zirehi üçünsə 12 min ədəd keramik plitə ilə təmin etməli idi. Layihə üzrə İordaniya müəssisəsi tərəfindən Azərbaycan mütəxəssislərinə təlimlər də keçirilib.

APA-nın əldə etdiyi məlumata görə, layihə «NP Aerospace Jordan» şirkətinin əsas təsisçilərindən olan İngiltərənin «NP Aerospace» şirkətinin sonradan anlaşmaya qarşı çıxması səbəbindən ləğv olunub.

Qeyd edək ki, İngiltərənin «NP Aerospace» şirkəti dünyada müxtəlif zirehlərin (bədən zirehi, avtomobil və döyüş maşınları üçün zirehlərin), bomba zərərsizləşdirən mütəxəssislər üçün qoruyucu kostyumların aparıcı istehsalçılarındandır. İngiltərə şirkətinin layihəyə qarşı çıxmasının səbəbləri açıqlanmır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR