DSMF: Bəzi ekspertlər sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər

DSMF: Bəzi ekspertlər sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər
# 07 oktyabr 2015 10:17 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. "Bəzi ekspertlər sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər".

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə Saatlıda keçirilən “Açıq qapı günü” - vətəndaş forumunda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbə müdiri Famil Qədimov bildirib.

Fond rəsmisi forumda qaldırılan sualları cavablandırarkən sosial sığortanın iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsi olduğunu və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırıldığını diqqətə çatdırıb. O, vurğulayıb ki, işçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür: "Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Təəssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri barədə bir az tanışlıq kifayətdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR