ADİU-da yaradılan Maliyyə laboratoriyasının təqdimatı keçirilib

ADİU-da yaradılan Maliyyə laboratoriyasının təqdimatı keçirilib
# 22 sentyabr 2015 09:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında imzalanmış memorandum çərçivəsində ADİU-da yaradılan Maliyyə laboratoriyasının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, QKDK-nin sədri Rüfət Aslanlı, ADİU-nun rektoru Ədalət Muradov və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən ADİU-nun rektoru Ə. Muradov yeni laboratoriyanın yaradılmasındakı dəstəyə görə QKDK-yə təşəkkür edib: “Yanvar ayında memorandum imzaladıq. May ayında tələbələr üçün seminarlara başladıq və iyun ayında müsabiqə keçirdik. Üç tələbəmiz qalib oldu və onlara sertifikatlar təqdim olundu”.

QKDK-nin sədri Rüfət Aslanlı bildirib ki, ADİU ilə Komitə arasında sıx əməkdaşlıq əlaqələri yaradılıb. O, universitet tələbələrinin bilik və bacarıqlarının artırılmasında, onların yüksək ixtisaslı kadr kimi hazırlanmasında rəhbərlik etdiyi qurumun rolundan danışıb: “Son illər Azərbaycan təhsil sahəsində aparılan islahatlar artıq öz nəticəsini göstərməyə başlayıb. Biz Azərbaycanda üç universiteti ilə əlaqələr qurmuşuq. Burada məkanlar olmalıdır ki, qrup müzakirələr aparılsın. Bu gün bizə lazım olan materiallar Azərbaycan dilinə tərcümə olunub. Həmçinin kiçik kitabxanada laboratoriyada yaradılıb”.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov “Maliyyə laboratoriyasının texniki imkanları və funksiyaları” mövzusunda çıxış edib. F. Əzizov qeyd edib ki, laboratoriyada tədris-tədqiqat sahəsi yaradılıb.

Təhsil naziri Mikayıl Cabbarov ADİU-nun müəllim və tələbə heyətini Maliyyə laboratoriyasının istifadəyə verilməsi münasibətilə təbrik edərək bu işdə əməyi olanlara təşəkkürünü bildirib.

Daha sonra universitetdə yeni yaradılan “Elektron universitet” modeli barədə məlumat verilib. Qeyd olunub ki, ADİU-da yeni sistemin tətbiqi nəticəsində kağız jurnaldan istifadə edilmir. Sistemin bazasına universitetdə təhsil alan bütün tələbələr, dərsləri tədris edən müəllimlər haqqında məlumat, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris planı, məzunlar haqqında məlumatlar daxil edilib.

Qonaqlar SABAH qrupları tələbələrinin tədris auditoriyaları və yaradılan şəraitlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR