“Unibank” müştərilərin kart hesablarından silinmiş vəsaiti geri qaytarıb

“Unibank” müştərilərin kart hesablarından silinmiş vəsaiti geri qaytarıb
# 19 mart 2015 12:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə silinmiş məbləğləri müştərilərə geri qaytarıb.

Bu barədə “APA-Economics”ə “Unibank”ın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov məlumat verib. Onun sözlərinə görə, “Unibank” hər zaman müştəri məmnuniyyətini əsas tutaraq, onların gözləntilərini qarşılamağa çalışır.

Mövcud məzənnə dəyişikliyindən sonra kart istifadəçilərinin üzləşdikləri vəziyyəti nəzərə alan bank, 1200-ə yaxın müştərisinin itirmiş olduqları vəsaiti kompensasiya edib.

“Unibank olaraq qərar verdik ki, manatın xarici valyutalara qarşı məzənnəsinin dəyişməsi nəticəsində plastik kart istifadəçilərimizin məruz qaldıqları vəsait itkilərini öz üzərimizə götürək. Bu məqsədlə, həmin vəsait fevralın 21-dək “Unibank”ın MasterCard və Visa ödəniş kartları ilə xarici valyutalarda əməliyyat aparmış və bankla hesablaşma anında əlavə məbləğ itirmiş müştərilərimizin kart hesablarına bərpa edilib”, - deyə departament rəhbəri qeyd edib.

Qeyd edək ki, ödəniş kartları ilə xarici valyutada əməliyyatlar üzrə mövcud hesablaşma qaydalarına əsasən, əməliyyat anında kart hesabında əməliyyatın məbləği həmin günün rəsmi məzənnəsinə müvafiq olaraq bloklanır. Bankla müştəri, eləcə də bankla qarşı tərəf arasında hesablaşma isə bir ay ərzində baş verə bilir. Bu zaman, aparılmış əməliyyatın məbləği hesablaşma aparılan günün məzənnəsinə müvafiq olaraq konvertasiya edilir.

Nəticədə yerli valyutanın xarici valyutalar qarşısında ucuzlaşması, yaxud bahalaşmasından asılı olaraq, kart hesabından bloklanmış məbləğə nisbətən daha çox, yaxud daha az məbləğ silinir. Hesablaşma günü fevralın 21-dən sonrakı tarixlərə təsadüf edən əməliyyatlar üzrə kart istifadəçilərindən daha çox məbləğlərin silinməsi bununla izah olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR