“Hicaba azadlıq” aksiyasına görə tutulan daha bir qrupun məhkəməsi başlayıb

“Hicaba azadlıq” aksiyasına görə tutulan daha bir qrupun məhkəməsi başlayıb
# 19 aprel 2013 12:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda “Hicaba azadlıq!” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştiraka görə tutulmuş şəxslərdən daha bir qrupunun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, Nərimanov rayon Məhkəməsində Elçin Quliyev və digər 10 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə verərək özlərini təqsirli bilmədiklərini deyiblər.

Proses aprelin 26-da davam etdiriləcək.

Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub. Həmin şəxslərdən bir qrupunun işi bir müddət əvvəl məhkəməyə göndərilib. Hazırda onların məhkəmə prosesləri davam etdirilir.

Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR