SKMF şimal bölgəsinin sahibkarlarına 600 min manatdan çox güzəştli kredit verib

SKMF şimal bölgəsinin sahibkarlarına 600 min manatdan çox güzəştli kredit verib
# 28 iyul 2016 13:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi, sahibkarların maarifləndirilməsi məqsədilə növbəti işgüzar forumu Qusar rayonunda keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Qusarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılmasında prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, 2016-cı ilin ötən dövrü ərzində 1 423 sahibkara 77,2 mln. manata yaxın güzəştli kredit ayrılıb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 173,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, iri fermer, cins heyvandarlıq, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 45 sahibkara 622 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, quşçuluq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Qusarda güzəştli kreditlərdən istifadə etməklə inşa olunmuş gündəlik 16 ton çörək istehsal etmək gücündə olan zavoda və intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.

Qeyd edək ki, ümumilikdə SKMF tərəfindən gündəlik istehsal gücü 825 ton olan 28 çörək istehsalı müəssisəsinin təşkilinə 52,1 mln. manat, 1 956 ha ərazidə 23 intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılmasına 37,5 mln. güzəştli kredit verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR