“AccessBank”ın kredit portfeli 41% artıb

“AccessBank”ın kredit portfeli 41% artıb
# 23 iyul 2014 13:14 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin II rübündə “AccessBank”ın aktivlərinin həcmi 927,002 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 41,68% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 41,43% artaraq 728,058 mln. manat olub.

2014-cü ilin iyul ayının 1-nə bankın kredit portfelində istehlak kreditlərinin payı 83,016 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 33,25% çoxdur.

Bankda ipoteka kreditlərinin həcmi bir ildə 80,55% artaraq 22,957 mln. manata çatıb.

Bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 15,81 % artaraq 2,513 mln. manat olub.

2013-cü ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə bankın depozit portfeli 51,29% artaraq 255,603 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 184,622 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 62,63% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 27,29% artaraq 140,364 mln. manat olub, nizamnamə kapitalı isə dəyişməyərək 85 mln. manat təşkil edib.

Bankın gəlirləri iyul ayının 1-nə 84,895 mln. manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34,05% çoxdur. Bir il ərzində bankın xərcləri 24,5% artaraq 57,508 mln. manat olub.

Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 22 mln. 557,56 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 42 filialı, 56 bankomatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR