Biznesmen həyat yoldaşının qətlində təqsirləndirilən qadın Ali Məhkəməyə müraciət edib

Biznesmen həyat yoldaşının qətlində təqsirləndirilən qadın Ali Məhkəməyə müraciət edib
# 08 iyun 2015 08:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İş adamının ölümündə təqsirli bilinən qadın Ali Məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, təqsirləndirilən Sevinc Rzayevanın kassasiya şikayətinə iyunun 11-də baxılacaq. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının azaldılmasını məhkəmədən xahiş edir.

İttihama görə, 2011-ci ilin iyunun 15-də Lənkəran şəhərinin mərkəzində yerləşən üçmərtəbəli evdə ev sahibi, biznesmen Fərid Rzayevin asılmış meyiti tapılıb. Keçirilən məhkəmə tibbi-ekspertizasının rəyindən bəlli olub ki, biznesmen intihar etməyib. Onun başına, üzünə küt alətlə zərbələr endirilib. Nəticədə burnu sınıb, bədənində də çoxlu qançırlar müəyyən olunub. İp də boynuna ölümündən sonra keçirilib. Belə təəssürat yaratmaq istəyiblər ki, Fərid özünü asıb.

Ekspertizanın rəyindən sonra özünü öldürmə maddəsi qəsdən adam öldürmə maddəsinə tövsif edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin təqdimatı ilə iyulun 19-da Kamran Abbasov, bir gün sonra isə onun bacısı, F. Rzayevin həyat yoldaşı Sevinc Rzayeva həbs olunublar. Daha sonra görülən istintaq tədbirləri nəticəsində cinayətin daha bir iştirakçısı Ceyhun Məmmədov da həbs edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Rzayeva 15 il, Kamran Abbasov 15 il, Ceyhun Məmmədov 14 il 1 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayətləri isə təmin edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR