Azərbaycan yığması reytinq siyahısında irəliləyəcək

Azərbaycan yığması reytinq siyahısında irəliləyəcək
# 03 aprel 2015 11:55 (UTC +04:00)

Bakı – APA. Aprelin 9-da FİFA-nın yeni reytinq cədvəli açıqlanacaq. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun martda tərtib olunan siyahısı ilə müqayisədə bu dəfə cədvəldə ciddi dəyişikliklər baş verəcək.

Buna səbəb ötən ay yığmaların iştirakı ilə dünya və qitə çempionatlarının seçmə oyunlarının, həmçinin yoxlama matçlarının çox olmasıdı.

Cədvəlin açıqlanmasına 6 gün qalsa da, artıq təxmini siyahı bəllidi.

Hesabat dövründə yalnız 1 oyuna çıxan Azərbaycan millisinin mövqeyi təxmini siyahıda ciddi dəyişikliyə uğrayıb. Buna əsasən demək olar ki, AVRO-2016-nın seçmə mərhələsinin Bakıdakı görüşündə Maltanı 2:0 hesabı ilə məğlub edən komandamız 6 gündən sonra fantastik sıçrayışa nail olacaq.

Ötən ay 198 xalla 139-cu yerdə olan Robert Prosineçkinin yetirmələri qələbə ilə 66 xal qazanıb. Bunun təxminən 120-ci pilləyədək irəliləmək üçün yetərli olacağı gözlənilirdi. Lakin komandamızın sıçrayışı daha böyük olacaq. Belə ki, açıqlanan siyahıda 264 xalı olan millimiz 115-ci yerdə qərarlaşıb.

Bu da komandanın 24 pillə irəlilədiyini göstərir. Belə yüksəliş isə Azərbaycan yığmasının FİFA reytinqi tarixindəki ən yüksək nəticəsidi. Yığmamız bunadək ən yaxşı halda 20 pillə irəliləmişdi. Rekord sıçrayış 8 il əvvəlki göstəricini yeniləməyə imkan verəcək.

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik baş verəcək. Almaniya (1687) və Argentina (1490) mövqeyini qorusa da, Belçika (1457) Kolumbiyanı ən yaxşı 3 komanda arasından çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR