Milli komandamızın müdafiəçisi: “Belə hakimlərlə Azərbaycanda futbol olmayacaq”

Milli komandamızın müdafiəçisi: “Belə hakimlərlə Azərbaycanda futbol olmayacaq”
# 18 aprel 2013 12:25 (UTC +04:00)

Bakı – APA. “Belə hakimlərlə Azərbaycanda futbol olmayacaq. İnsanların haqqını nə qədər yeyərlər?” Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.


Ölkə kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə ilk oyununda 0:1 hesabı ilə uduzan cənub təmsilçisinin müdafiəçisi baş hakim Vüsal Əliyevin idarəçiliyindən narazı qalıb.

Onun fikrincə, sabiq FİFA referisinin son dəqiqələrdə təyin etdiyi penalti qərarı düzgün deyildi: “Həmin epizodda futbolçumuz Marin Orsuliçin ayağı topu irəli atan rəqibin ayağına astaca toxundu. Özü də “Bakı”nın futbolçusu topla qabağa yox, arxaya gedir. Düzdü, rəqibin qol vurmaq imkanları çox idi, bizdə isə heç olmadı. Oyun heç-heçə qurtarmalı idi. Ancaq hakim sonuncu dəqiqələrdə penalti verməklə, komandanı “sındırdı”. Futbolçuları həvəsdən salırlar”.

Allahverdiyev bildirib ki, aprelin 24-də keçiriləcək cavab matçında mərhələ keçəcəklərinə inanır: “Allahın köməyi ilə Lənkəranda yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Başqa yolumuz yoxdur. Bizim üçün “ölüm oyunu” olacaq. Finala çıxmaq istəyirik və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Şansları 50-nin 50-yə sayıram”.

Futbolçu “Xəzər Lənkəran”da uzun illər birgə oynadığı, qış fasiləsində “Bakı”ya keçən qapıçı Kamran Ağayevlə görüşdən sonra insidentinin olması ilə bağlı yazılanlara da münasibət bildirib: “Bəyəm Kamrandan qorxuram? Heç oyundan sonra onun üzünü görməmişəm. Bunu özündən də soruşa bilərsiniz. Biz millinin oyunçularıyıq, çox dərinə getmək istəmirəm. Eşitmişəm ki, haqqımda mətbuatda nəsə deyib. Onunla əlaqə saxlayıb, məsələni aydınlaşdıracağam. Görüm dediyi sözdə haqlıdır, yoxsa yox”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR