Azərbaycanda ipoteka və ünvan reyestri ilə bağlı yeni elektron xidmətlərin tətbiqinə başlanılır

Azərbaycanda ipoteka və ünvan reyestri ilə bağlı yeni elektron xidmətlərin tətbiqinə başlanılır
# 23 aprel 2013 14:16 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. May ayından etibarən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 9 yeni elektron xidmətin tətbiqinə başlayır. Bununla da Komitənin təqdim etdiyi elektron xidmətlərin sayı 13-ə çatacaq.

«APA-Economics»in məlumatına görə, bunu ƏMDK-nin aparat rəhbəri İlqar Həbiyev bildirib: «Ötən il 4 elektron xidmət təqdim etmişdik, onlar artıq 1 ildir istifadə olunur və vətəndaşlar bu xidmətlərdən yararlanırlar. İndi isə yeni olaraq əlavə 9 yeni xidmət və 5-ə yaxın informativ xarakterli elektron xidmət tətbiq edirik».


Aparat rəhbərinin sözlərinə görə, yeni xidmətlər əsasən ipoteka sahəsini əhatə edir: «Bu elektron xidmətlər daha çox ipoteka bazarının inkişafı ilə bağlıdır. Ölkə rəhbərliyinin apardığı sosial siyasətin mühüm istiqamətlərdən biri də vətəndaşların ipoteka ilə əhatə olunması, gənc və aztəminatlı əhalinin dövlət tərəfindən verilən dəstəklə mənzillərin əldə edilməsi məsələsidir. Bu sahədə də ipoteka böyük rol oynayır. Bu sahədə də işin aktivləşməsini nəzərə alaraq, tətbiq olunan əlavə 6-7 elektron xidməti ipoteka ilə bağlı müraciətlərin baxılmasında çevikliyə nail olacağıq».


İ.Həbiyev bildirib ki, yeni elektron xidmətlər ünvan reyestri ilə də bağlı olacaq: «İndiyədək vətəndaşlar və digər qurumlar ünvanların alınması üçün müraciətləri kağız formasında edirdilər, amma indi artıq Ünvan Reyestri portalı yarandıqca, vətəndaş artıq on-layn rejimində, heç bir yerə getmədən öz ünvanı barədə təfərrüatlı məlumat əldə etmək imkanına malik olacaq ki, bu da son məqsədimizə nail olmağın bir nəticəsidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR