“Qafqaz İnkişaf Bankı” I rübdə aktivlərini artırıb

“Qafqaz İnkişaf Bankı” I rübdə aktivlərini artırıb
# 14 aprel 2015 08:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Qafqaz İnkişaf Bankı”nın aktivləri 2015-ci ilin I rübündə 150 mln. 414,91 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,83% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,47% artaraq 138 mln. 040,5 min manat olub.

İstehlak kreditlərinin həcmi 19,393 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 8,5% azdır.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 1,880 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 28,5% çoxdur və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,73 dəfə artaraq 1 mln. 910,7 min manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 4,11% artaraq 8 mln. 300,4 min manata, əhalinin əmanətlərinin həcmi isə 6 mln. 552,3 min manata bərabər olub ki, bu da illik müqayisədə 14,24% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 6,76% artaraq 63 mln. 102,7 min manat, nizamnamə kapitalı isə 9,09% artaraq 60 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 30,33% azalaraq 3,631 mln. manat, xərcləri isə 35,42% azalaraq 1,382 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 249 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 3 filialı, 1 bankomatı, 3 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR