Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin siyasəti ilə bağlı səsləndirdiyi fikirlər mühüm əhəmiyyət daşıyır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputatın deyib ki, dövlət başçısı çıxışında Azərbaycanın uzun illər üzləşdiyi işğal, hərbi cinayətlər və beynəlxalq hüququn pozulması məsələlərinə bir daha diqqət çəkib: “Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin vaxtilə baş verənlərə münasibətini və Ermənistan keçmiş rəhbərliyinin məsuliyyətini konkret faktlar əsasında gündəmə gətirib”.

Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti
Vüqar İskəndərov qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın əvvəlki rəhbərliyinin fəaliyyətinə toxunaraq, münaqişənin yaranması və uzun müddət davam etməsində siyasi rəhbərliyin rolunu xüsusi vurğulayıb: “Dövlərt başçısı bildirib ki, “Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar”. Bu fikir uzun illər ərzində Azərbaycan xalqının üzləşdiyi faciələrin, mülki əhalinin çəkdiyi əzabların və işğalın nəticələrinin unudulmamasının vacibliyini göstərir. Münaqişə dövründə baş vermiş hadisələrə hüquqi qiymət verilməsi, müharibə cinayətləri ilə bağlı məsuliyyət məsələsinin diqqətdə saxlanılması beynəlxalq hüququn prinsipləri baxımından əhəmiyyətlidir. Azərbaycanın mövqeyi münaqişənin tarixi səbəblərinin təhrif edilməməsi, işğalın nəticələrinin düzgün qiymətləndirilməsi və zərərçəkmiş insanların hüquqlarının nəzərə alınması ilə bağlıdır. Bu baxımdan, Prezident İlham Əliyevin beynəlxalq platformada səsləndirdiyi fikirlər Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Ermənistanın hazırkı rəhbərliyi də sələflərinin siyasətini davam etdirib
Deputat diqqətə çatdırıb ki, dövlət başçısının çıxışında Ermənistanın hazırkı rəhbərliyinin 2018-ci ildən sonrakı fəaliyyəti də ayrıca qeyd olunub: “Prezident İlham Əliyev bildirib ki, “Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir”. Bu yanaşma Ermənistanın siyasi rəhbərliyində dəyişiklik baş verməsinin öz-özlüyündə münaqişənin həlli üçün kifayət etmədiyini göstərir. Əsas məsələ siyasi bəyanatların konkret addımlarla dəstəklənməsi, qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, eləcə də qarşıdurmanı dərinləşdirən ritorikadan imtina olunması idi. Prezident İlham Əliyev çıxışında Ermənistanın baş nazirinin 2019-cu ildə Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını da xatırladıb. Bu ifadə həmin dövrdə münaqişənin həlli istiqamətində yaranmış vəziyyətin və tərəflərin mövqelərinin qiymətləndirilməsi baxımından mühüm siyasi faktdır. Belə bəyanatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyinə zidd idi və münaqişənin dinc yolla həlli perspektivlərinə mənfi təsir göstərirdi. Dövlətlər arasında davamlı sülhün qurulması üçün qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və siyasi məsuliyyət əsas şərtlərdir. Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha ortaya qoyub. Regionda uzunmüddətli sabitliyin təmin olunması üçün keçmişin dərsləri nəzərə alınmalı, siyasi məsuliyyət və qarşılıqlı hörmət prinsipləri əsas götürülməlidir”.