Bərdə RİH məcburi köçkünlərə evlərin paylanmasında qanunsuzluqlara yol verilməsi haqda xəbərlərə münasibət bildirib

Bərdə RİH məcburi köçkünlərə evlərin paylanmasında qanunsuzluqlara yol verilməsi haqda xəbərlərə münasibət bildirib
# 17 avqust 2015 10:50 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu-APA. Bərdə Rayon İcra Hakimiyyəti (RİH) mətbuatda məcburi köçkünlərə yeni evlərin paylanmasında qanunsuzluqlara yol verilməsi haqda yer alan xəbərlərə münasibət bildirib.

RİH-dən APA-nın Qarabağ bürosuna bildirilib ki, yeni salınmış qəsəbənin məcburi köçkünlərə verilməsi prosesi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Köçürmə Departamenti ilə birgə, Bərdə RİH-in, həmçinin aidiyyəti rayonların yerli icra nümayəndələrindən ibarət yaradılan komissiyanın fəaliyyəti əsasında həyata keçirilir:

“Məcburi köçkünlərin etiraz aksiyaları keçirməsinə gəlincə, bir çox məcburi köçkün soydaşımız başqa rayon və şəhərlərdə qeydiyyatda olduğu halda Bərdədə salınan yeni qəsəbədə ev almaq istəyir. Bəziləri isə başqa rayon və şəhərlərdə inşa olunan məcburi köçkün qəsəbələrində evlə təmin olunduğu halda, ikinci dəfə ev almaq üçün müraciət edir. Ailə tərkibinin say etibarilə onlara düşən mənzilin daha geniş mənzillərlə əvəzlənməsi üçün can atanlar da olur. Həmin şəxslər ajiotaj yaratmaqla diqqəti öz üzərlərinə çəkib niyyətlərini həyata keçirməyə çalışırlar".

Açıqlamada qeyd olunub ki, Bərdədə təhsil, tibb, mədəniyyət obyektlərində, digər dövlət qurumlarının binalarında, respublika əhəmiyyətli avtomobil və dəmir yollarının yaxınlığında hərəkət üçün təhlükəli şəraitdə məskunlaşan, həmçinin daha ağır sosial şəraitdə yaşayan məcburi köçkün ailələrinin evlə təmin olunmasına üstünlük verilir.

Məlumata görə, bu günədək Bərdədə salınan üç məcburi köçkün qəsəbəsində 1700-ə yaxın məcburi köçkün ailə təsərrüfatı yerləşdirilib. 12 musiqi məktəbi, 14 uşaq bağçası, 39 məktəb, 11 tibb müəssisəsi və xeyli sayda mədəniyyət obyektində məskunlaşan məcburi köçkün ailələri yeni evlə təmin edilib. O cümlədən Bərdə peşə liseyinin yataqxanasından 140 ailə təzə qəsəbəyə köçürülüb.


RİH-dən o da bildirilib ki, rayon ərazisində daha bir şəhərciyin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR