Ümumdünya Gömrük Təşkilatı Bakıda “Qlobal Qalxan” proqramının növbəti təlim kursunu keçirir

Ümumdünya Gömrük Təşkilatı Bakıda “Qlobal Qalxan” proqramının növbəti təlim kursunu keçirir
# 12 noyabr 2014 08:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Xəzər - mehriban qonşuluq” təşəbbüsü çərçivəsində ÜGT-nin “Qlobal Qalxan” proqramının növbəti təlim kursu başlayıb.

Dövlət Gömrük Komitəsindən (DGT) “APA-Economics”ə verilən məlumata görə, budəfəki təlim kurslarına Əfqanıstan gömrük xidmətinin qadın əməkdaşları cəlb olunub.

“Xəzər - mehriban qonşuluq” təşəbbüsünü 2013-cü ildə DGT ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi ilə birlikdə irəli sürüb. “Qlobal Qalxan proqramı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, eləcə də İnterpolun dəstəyi ilə və ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilməklə” ÜGT tərəfindən həyata keçirilir.

Sözügedən təşəbbüsə uyğun olaraq, Bakıda Əfqanıstan Gömrük Xidmətinin əməkdaşları üçün ildə üç dəfə ikihəftəlik təlim kursları təşkil edilir. Bu kurslar partlayıcı maddələrin hazırlanmasında istifadə olunan kimyəvi vasitələrin aşkar edilməsi üzrə nəzarətçi-təlimçilərin hazırlığına dair keçirilir.

Təlimlərin açılış mərasimində DGT Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı terrorizmə qarşı mübarizənin bütün dünyada hüquq-mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, terror aktlarının əksəriyyətinin müxtəlif kimyəvi maddələr istifadə edilməklə kustar üsulla düzəldilən partlayıcı maddələrlə həyata keçirildiyini qeyd edib və bu cür kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mütəxəssislərin hazırlanmasının zəruriliyini vurğulayıb. G.Muradlı Azərbaycan gömrük xidmətinin sözügedən sahədə təcrübəsindən söz açıb və qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə böyük fayda verəcəyini bildirib.

ÜGT-nin “Qlobal Qalxan” proqramı üzrə layihə rəhbəri Cefri Vikett tədbir iştirakçılarına təmsil etdiyi qurumun proqramı haqqında məlumat verib, eləcə də təlim kursunun məqsəd və vəzifələrindən bəhs edib. 2 həftə davam edəcək kurslar zamanı mütəxəssislər - Polşadan olan Maqdalena Rıbaçik və Almaniyalı təlimçi Martina Thiel də iştirakçıları mövzu ilə bağlı məlumatlandıracaqlar.

Təlimlər çərçivəsində Əfqanıstan gömrük xidməti əməkdaşları Azərbaycan DGT-nin sərhəd keçid məntəqələri, Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Kinoloji Mərkəzlə də tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR