Rüfət Aslanlı: "Dünyada müşahidə edilən neqativ tendensiyalar maliyyə sektoru üçün yeni çağırışlar formalaşdırır"

Rüfət Aslanlı: "Dünyada müşahidə edilən neqativ tendensiyalar maliyyə sektoru üçün yeni çağırışlar formalaşdırır"
# 01 oktyabr 2015 11:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2016-2018-ci illər üzrə strateji planlarının hazırlanmasına həsr olunmuş kollegiya iclası keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, QKDK-nin sədri Rüfət Aslanlı 2013-2015-ci illəri əhatə edən Strateji Planlama müddətinin sona çatmaq üzrə olduğunu və növbəti üç illik müddət üçün komitənin inkişaf strategiyasının müəyyənləşdirilməsinin zəruriliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sədr makroiqtisadiyyat və qlobal maliyyə bazarlarında baş verən hadisələr barədə danışaraq enerji daşıyıcılarının qiymətinin kəskin azaldığını, inkişaf etmiş ölkələrdə deflyasiya meyllərinin artdığını, inkişaf etməkdə olan ölkələrdə isə devalvasiyanın gücləndiyini və idxal imkanlarının azaldığını bildirib. Qeyd olunanlar fonunda maliyyə institutları tərəfindən son dövrlər dünya iqtisadiyyatının artım proqnozlarının davamlı olaraq azaldıldığı diqqətə çatdırılıb.

R. Aslanlı ölkə başçısı cənab İlham Əliyevin ciddi düşünülmüş siyasəti nəticəsində son dekada ölkənin ümumdaxili məhsulun 3 dəfə, investisiya qoyuluşlarının 3,6 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə, əmanətlərin 13,8 dəfə artdığını qeyd edib. Dünyada müşahidə edilən neqativ tendensiyalar fonunda Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün yeni çağırışların formalaşdığını diqqətə çatdırıb. Sədr QKDK qarşısında duran missiya və əsas vəzifələr sırasında qeyri-neft sektorunu ucuz, davamlı və rəqabətli maliyyə resurslarına çıxış ilə təmin edilməsi, hökumətin iqtisadi diversifikasiya siyasətinin dəstəklənməsi və yüksək kompetensiyalı bazar institutlarının formalaşdırılması məsələlərini vurğulayıb.

Kollegiyanın yekununda struktur bölmələrin mandatlarına uyğun olaraq 2016-2018-ci illər üzrə strateji fəaliyyət planlarının hazırlanması istiqamətində müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR