Azərbaycanda imtahan zamanı abituriyentlərin ən zəif nəticə göstərdiyi fənlər açıqlanıb

Azərbaycanda imtahan zamanı abituriyentlərin ən zəif nəticə göstərdiyi fənlər açıqlanıb
# 02 fevral 2013 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Təəssüflə qeyd etmək lazımdır ki, son illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanlarında Azərbaycan bölməsi abituriyentlərinin riyaziyyat, fizika və ədəbiyyat fənləri üzrə imtahanı nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır”. TQDK-dan APA-ya verilən xəbərə görə, bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən orta statistik abituriyentlər test tapşırıqlarının 24-33 faizinə düzgün cavab verib, 30-50 faizinə isə cavab verməkdən imtina edirlər. Ötən illə müqayisədə isə ən böyük fərq coğrafiya fənni üzrə olub. Belə ki, bu il coğrafiya fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 41.64%-dən 31.21%-ə qədər aşağı düşüb.

Ümumilikdə, imtahanlarda Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda riyaziyyat və fizika, II qrupda riyaziyyat və coğrafiya, III qrupda riyaziyyat, IV qrupda fizika və kimya fənlərindəndir. Rus bölməsində isə ən aşağı nəticə I qrupda riyaziyyat və fizika, II qrupda coğrafiya, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika və kimya fənləri üzrə olub. Son altı ilin qəbul imtahanlarında abituriyentlərin test tapşırıqlarına verdikləri düzgün cavabların müqayisəli təhlili göstərir ki, “Azərbaycan tarixi” fənni üzrə imtahan nəticələrində əhəmiyyətli irəliləyiş mövcuddur. İlk dəfə 2007-ci ildə II ixtisas qrupuna daxil edilmiş bu fənn üzrə göstəricilər beş il ərzində Azərbaycan bölməsində 29.88%-dən 39.19%-ə, rus bölməsində isə 29.65%-dən 36.44%-ə qədər yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR