Daxili İşlər Nazirliyində Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Daxili İşlər Nazirliyində Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 04 may 2013 14:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Daxili İşlər Nazirliyində (DİN) «Ümummilli lider Heydər Əliyevin dövlətçiliyin inkişafında, müstəqilliyin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, habelə Daxili İşlər Nazirliyi sistemində islahatların həyata keçirilməsində rolu» mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə əvvəlcə H.Əliyevin ölkədə sabitliyin yaradılmasında, daxili işlər orqanlarının işinin qurulması və təkmilləşdirilməsində xidmətlərinə həsr edilmiş sənədli film nümayiş olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib ki, H.Əliyev respublikanın hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının inkişafı və milliləşməsi istiqamətində də böyük bir fəaliyyət ortaya qoyub. Həmin illərdə DİN-ə dövlət qayğısı güclənib, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə önəm verilib. H.Əliyevin 1994-cü ilin avqust ayında imzaladığı «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» fərman barədə danışan nazir qeyd edib ki, bu sənəd müvafiq sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoyub.

Nazir əlavə edib ki, H.Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalanıb. Şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1996-2002-ci illərdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı beş sərəncam verilib.

Tədbirdə Milli Məclisin deputatı Azay Quliyev, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Daxili Qoşunların komandanının müavini Vidadi Əliyev, Polis Akademiyasının baş müəllimi Rəsul Rüstəmov, DİN-in Şəxsi heyətlə iş İdarəsinin rəisi Rahib Qarayev çıxışlar ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR