Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarının qarşısını alıb

Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarının qarşısını alıb
# 07 noyabr 2014 09:32 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) qaçaqmalçılıq hallarının qarşısını alıb.

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə Respublikası vətəndaşı Kotil Reşat Ahmet oğlunun idarə etdiyi “DAF” markalı 34YA0678/0569 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsindən yük müşayiət sənədlərində göstərilməyən müxtəlif adda 818 ədəd məişət avadanlıqları, bəzək əşyaları, uşaq oyuncaqları və telefon aksesuarları aşkar edilib.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarından daxil olmuş məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Musayev Azad Dursun oğlunun idarə etdiyi “Mercedes-Benz C457” markalı, 10-JV-643 dövlət nömrə nişanlı sərnişin avtobusu Tovuz şəhər avtovağzalı ərazisində saxlanılıb. Nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük baxışı həyata keçirilib, avtomobilin yük yerindən 9 ədəd müxtəlif ölçülü karton qutulardan üzərində Azərbaycanın aksiz markası olmayan xaricdə istehsal olunmuş, ümumilikdə 7 adda 8190 qutu siqaretlər aşkar edilərək götürülüb.

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında isə Azərbaycan Respublikası vətəndaşı Həsənov Ravil Telman oğlunun idarə etdiyi “QAZ-2752” markalı, 57-BL-982 nömrə nişanlı yük avtomobilinin kapotunun altında və arxa yük yerinin taxta döşəməsinin altından 570 qutu petarda tipli pirotexniki məmulatlar və 4 iri qutu fişənglər aşkar olunaraq götürülüb.

Bütün faktlar üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR