"UNEC İctimai Nəzarət Şurası" yay imtahan sessiyasının yekunlarına dair hesabatını açıqlayıb

"UNEC İctimai Nəzarət Şurası" yay imtahan sessiyasının yekunlarına dair hesabatını açıqlayıb
# 12 iyul 2016 09:48 (UTC +04:00)

Bakı. Fəriz Mirzəyev – APA. Azərbaycan Dövlət İqtisad Universitetində ölkənin tanınmış ekspertləri, elm xadimləri və nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu “UNEC İctimai Nəzarət Şurası” yay imtahan sessiyasının yekunlarına dair mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, UNEC-in Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifov bildirib ki, “İctimai iştirakçılıq haqqında” qanuna, təhsil nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” əmrinə və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq və tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq “UNEC İctimai Nəzarət Şurası”nı yaradıblar.

Şuranın koordinatoru Etibar Əliyev deyib ki, qurum üzvləri 1 iyun - 4 iyul tarixlərində yay imtahan sessiyasının monitorinqini apararaq “Qaynar xətt” və Apellyasiya Komissiyasının işinə nəzarəti təşkil edib, tələbələrlə söhbətlər aparıb, ali məktəbdə keçirilən “Açıq qapı”da iştirak ediblər. Şuraya daxil olan müraciətlər şəffaf araşdırılaraq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi üçün universitet rəhbərinə ünvanlanıb. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan həyata keçirib və informasiyalar KİV-də yayımlanıb.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov “UNEC İctimai Nəzarət Şurası”nın Azərbaycan təhsili üçün yenilik olduğunu söyləyib: “Təhsilin qarşısında iki əsas məsələ durur: biliyin ötürülməsi və biliyin qiymətləndirilməsi. Biliyin qiymətləndirilməsi vacib və çox ziddiyətli bir məsələdir. Qiymətləndirmədə nöqsanlara yol verilməsi haqda fikirlər hər zaman mövcuddur. Ancaq “UNEC İctimai Nəzarət Şurası” bütün bu söz-söhbətlərə son qoya bilər. UNEC-də yay imtahan sessiyasının təşkili və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Mən 1 ay müddətində Şura üzvləri ilə birgə imtahan prosesini izlədim. Ümumi vəziyyət məni qane etdi”.

Konfransda Şura üzvlərinin yekun hesabatı açıqlanıb və bildirilib ki, UNEC-də imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub və tətbiq edilən imtahan metodu şəfəffaflığın təmin olunmasına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR