Paşha Bank
Bank Of Baku

Hindistan XİN: Dəyişən geosiyasi şərait Qlobal Cənub ölkələrinin daha fəal iştirakını zəruri edir

Hindistan XİN: Dəyişən geosiyasi şərait Qlobal Cənub ölkələrinin daha fəal iştirakını zəruri edir
# 15 oktyabr 2026 15:13 (UTC +04:00)

Hindistan terrorizmin bütün forma və təzahürlərini, o cümlədən transsərhəd terrorizmi qətiyyətlə pisləyir.

APA xəbər verir ki, bunu Hindistanın Xarici İşlər üzrə dövlət naziri Kirti Vardhan Singh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, terrorizm sülh və təhlükəsizlik üçün ən ciddi təhdidlərdən biri olaraq qalır və terror aktlarına heç bir halda bəraət qazandırıla bilməz.

Nazirin sözlərinə görə, Hindistan terrorizmə qarşı sərt və sıfır tolerantlıq siyasətini müdafiə edir.

“Bütün üzv dövlətləri transsərhəd terrorizminə qarşı birləşməyə, terror şəbəkələrinin fəaliyyətini pozmağa, onların təhlükəsiz sığınacaqlarını dağıtmağa, eləcə də terrorçuları dəstəkləyən və maliyyələşdirən şəxsləri tam məsuliyyətə cəlb etməyə çağırırıq”, – o vurğulayıb.

Kirti Vardhan Singh qeyd edib ki, təhlükəsizlik rifahın əsasını təşkil edir və terror təhlükəsinin mövcud olduğu şəraitdə həqiqi etimadın formalaşdırılması mümkün deyil.

O, həmçinin regional bağlantı layihələrinin Asiyada iqtisadi tərəfdaşlıqların inkişafına və ümumi rifahın yüksəldilməsinə töhfə verə biləcəyini bildirib. Bununla belə, həmin layihələrin geosiyasi təsir vasitəsinə çevrilməməsinin vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, regional bağlantı layihələri şəffaf, maliyyə baxımından dayanıqlı və inklüziv olmalı, bütün üzv dövlətlərin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanmalıdır.

Kirti Vardhan Singh çıxışında çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə də toxunub. O bildirib ki, dəyişən geosiyasi şərait çevik beynəlxalq institutların yaradılmasını və qlobal idarəetmədə, o cümlədən Qlobal Cənub ölkələrinin daha fəal iştirakını zəruri edir. Onun sözlərinə görə, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq, dəniz təhlükəsizliyi və pandemiyalara hazırlıq kimi məsələlərin həllində çoxtərəfli səylər mühüm rol oynaya bilər.

Hindistanın AQEM çərçivəsində terrorizmlə mübarizə üzrə prioritet istiqamətin koordinatoru olduğunu xatırladan nazir, təşkilatın regional etimadın möhkəmləndirilməsi və davamlı inkişafın təşviqi istiqamətindəki rolunu da yüksək qiymətləndirib.

O, çıxışının sonunda Asiyanın ümumi rifahı naminə birgə fəaliyyətin davam etdirilməsinə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR