Mənim Bakıya səfərim Bişkekdə ŞƏT çərçivəsində liderlərimizin görüşünün davamı sayıla bilər.
APA xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, müzakirələr münasibətlərin müxtəlif aspektlərinə fokuslanıb: “Prezident İlham Əliyev əməkdaşlığımızla bağlı müzakirələrə xeyli vaxt ayırdı. Xalqlarımızın böyük tarixi var, biz bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu da münasibətlərimizi yüksək səviyyəyə qaldırmağa təməl yaradır”.
Subramanyam Cayşankar iki ölkə arasında investisiyaları və ticarət əlaqələrini genişləndirmək istədiklərini vurğulayıb.
O qeyd edib ki, Hindistan şirkətləri neft-qaz sektoruna investisiya yatırmağa maraq göstərir: “Bağlantılar qlobal iqtisadiyyatda çox vacibdir və bu gün bu barədə geniş müzakirələr apardıq. Hindistan bu gün beynəlxalq nəqliyyat dəhlizlərinə sərmayələr qoyur. Bu barədə müzakirələrimiz davam edəcək”.