Azərbaycan və Türkiyə Maliyyə nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Türkiyə Maliyyə nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub
# 28 avqust 2014 11:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyində Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Büdcə və Maliyyə Nəzarəti Baş İdarəsinin şöbə müdiri Kamal Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında təcrübə mübadiləsinin aparılması məqsədilə ölkəmizdə səfərdə olan türkiyəli dövlət qulluqçuları nazirliyin büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə mərkəzi ilə tanış olublar.

Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək, maliyyə nazirlikləri arasında da sıx əməkdaşlıq yaradılmasının zəruriliyini vurğulayıb.

Türkiyə Maliyyə Nazirliyinin şöbə müdiri Kamal Çelik dövlət qulluğu sahəsində qarşılıqlı səfərlərin hər iki ölkənin dövlət qulluqçuları üçün faydalı olduğunu qeyd edib.

Sonra Maliyyə Nazirliyi Aparatının aidiyyəti şöbələrinin nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinin tərtibi prosesi, büdcə qanunvericiliyi, büdcənin gəlir və xərc hissəsinin yerinə yetirilməsi, Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul və digər mövzularda fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR