Azərbaycanda başqasının şəxsiyyətini təsdiq edən sənədlə qanunsuz rəftar etmək insan alveri sayılacaq

Azərbaycanda başqasının şəxsiyyətini təsdiq edən sənədlə qanunsuz rəftar etmək insan alveri sayılacaq
# 18 aprel 2013 14:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda insan alveri məqsədilə sənədlər ilə qanunsuz hərəkətlər qanunvericilikdə insan alveri faktı kimi təsbit olunacaq və bununla bağlı ciddi cəzalar müəyyənləşdiriləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə 144-3 maddəsinin əlavə olunması barədə layihə müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, insan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması insan alveri faktı kimi qeydə alınır və buna görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilir. Eyni zamanda insan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təminetmə, o cümlədən eyni məqsədlə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə faktları da insan alveri faktı kimi qeydə alınaraq 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Layihəyə əsasən, həmçinin insan alveri məqsədi ilə hansısa bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhv etmə faktı da insan alveri kimi qələmə alınaraq 1 ildən 4 ilədək həbs cəzası ilə təsbit olunacaq. Sənəd Milli Məclisin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR