Qətldə və digər cinayətlərdə təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər

Qətldə və digər cinayətlərdə təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər
# 06 oktyabr 2015 11:08 (UTC +04:00)

APA-nın məlumatına görə, onlar barələrində olan cəzanın yüngülləşdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Şikayətə oktyabrın 8-də baxılacaq.

İttihama görə, 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkar edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olduğu müəyyənləşib. İstintaq araşdırmaları zamanı məlum olub ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Ş. Niftiyev qohumu Rauf Rəhimova 10.000 manat müqabilində A. Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. R. Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Bakının Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib.

Daha sonra R. Rəhimov, T. Qafarov və T. Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gedərək özlərini A. Xəlilova polis əməkdaşları kimi təqdim ediblər və onu avtomobilə əyləşdirərək aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərlərində olan bıçaqlarla A. Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar.

Təqsirləndirilən şəxslər - İbrahim Miriyev, Xəzər Əhmədov, Rauf Rəhimov, Şahin Niftəliyev, Oqtay Zəkiyev, Tacəddin Qafarov, Təvəkkül Seyidov, Rafael Əliyev, Kamil Salayev, Elməddin Quliyev, Pərviz Hüseynov, Tural Cavadzadə, Kənan Qasımlı, Kənan Alıyev, Azad Cəbayılov, Rauf Mahmudov, Rəşad Ağayev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 177-ci (oğurluq) və digər maddələrə əsasən ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 3 ildən 15 ilə kimi azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR