Elmar Məmmədyarov: “Beynəlxalq qurumlar suriyalı erməni qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsinə diqqət yetirməlidir"

Elmar Məmmədyarov: “Beynəlxalq qurumlar suriyalı erməni qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsinə diqqət yetirməlidir"
# 03 sentyabr 2015 11:38 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Svinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın Xarici İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Uilyam Leysi Svinq Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin 90-cı illərin sonlarından fəaliyyət göstərdiyini qeyd edərək, təşkilat ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini nəzərə çatdırıb. O, Azərbaycanın miqrasiya siyasətinin həyata keçirilməsi, qanunvericilik və institusional bazanın yaradılması üzrə təcrübəsinin, qeyri-leqal miqrantların ləyaqətli və insani şəkildə saxlanması üzrə yaradılmış mərkəzin digər dövlətlər üçün nümunə olduğunu qeyd edib.

Müasir dünyada XIX əsrə xas formada yalnız bir etnik tərkibdən ibarət olan dövlətin qeyri-mümkün olduğunu deyən Uilyam Leysi Svinq dövlətlərin müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmalı olduqlarını bildirib. Bu xüsusda o, Azərbaycanın zəngin multikultiralizm və tolerantlıq ənənələrinin dünya üçün örnək olduğunu deyib.

Elmar Məmmədyarov yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Ermənistanın mono-etnik tərkibli dövlət kimi mövcudluğu və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barəsində məlumat verib. Nazir Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunaraq, bu məsələyə Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq qurumların ciddi diqqət yetirməsinin vacibliyini bildirib. O əlavə edib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən qadağandır.

Görüşdə son dövrlərdə Avropanı bürüyən miqrasiya problemləri, miqrantların dini mənsubiyyətə görə təsnif edilməsi, Aralıq dənizində miqrantların kütləvi ölümü halları və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR