MHA Ermənistanın KİV-də Qarabağ atları ilə bağlı uydurma yazılara münasibət bildirib

MHA Ermənistanın KİV-də Qarabağ atları ilə bağlı uydurma yazılara münasibət bildirib
# 16 iyul 2015 14:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Müəllif Hüquqları Agentliyi (MHA) Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurma yazılara münasibət bildirib.

Agentliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, MHA ermənilərin hərəkətini cəfəngiyyat hesab edir: “Son zamanlar erməni kütləvi informasiya vasitələrində uydurma Artsaxda Qarabağ atlarının yetişdirilməsi ənənələri barədə artan xəbər və məqalələr təhrif olunmuş əsərciklərdi və nağıllar əsasında qurulmuş erməniçiliyin daha əvvələrdən məlum olan cəfəngiyatının davamıdır. O cümlədən, “At qədim ermənilərə Allah tərəfindən göndərilmişdir, (ermənilərə aidiyyəti olmayan) Nairi (Urartu) panteonunun tanrılarından biri – müharibə tanrısı Teyşeb at belində təsvir olunmuşdur”, yaxud “öz atına sevgiyə görə gözləri çıxardılmış Tiqran-çar haqqında” yalanlar da bu qəbildəndir.

Erməni “ayrarat at cinsi”nin digər ölkələrə ixracı barədə uydurmaları, yaxud “ayrarat” cinsindən yeni cinslərin yetişdirməsi, o cümlədən VIII əsrdə Ermənistan ərəblər tərəfindən işğal olunarkən, ərəb atlarından və erməni ayrarat madyanlarından “Vaspurakan və Kappadokiyada yetişdirilən yeni majak cinsi əmələ gəlməsi”, XIII əsrdə monqol-tatar basqınından isə “hərbi işlərdə istifadə olunan qardıman atları”nın peyda olması və s. heç də az diqqətə layiq uydurmalar deyillər. Bu cür uydurmaların “tacı” “Qarabağ atlarını ermənilər İranda yetişdirirdi”, ona görə ki, Osmanlı türklərin hakimiyyəti altında “ermənilərin (öz virtual atlarının) cinsini təkmilləşdirmək imkanları yox idi” uydurmasıdır.

Bununla bərabər, tarixi faktlar və sənədlər tamamilə başqa şeydən bəhs edir. O cümlədən, Azərbaycan ərazisində tapılan və inadla ermənilər tərəfindən oğurlanan çox saylı “Daş at” heykəlləri. Bu, “Daş qoç” heykəlləri ilə bərabər Azərbaycan xalqı tərəfindən “Oğuz qəbirləri” adlandırılan qəbirlər üzərində daha çox rast gələn qəbirüstü heykəlləridir. Oğuzların qədim qəbirləri üzərində daş at və qoçun qoyulması onların dəfn etmə mərasimləri ilə bağlı olub və at obrazına böyük sitayişin sübutudur.
Azərbaycan ərazilərində tapılmış qəbirüstü abidələrdə tez-tez əli qılınclı atlı və ya ov səhnəsi təsvir olunmuşdur. Daha erkən dövrlərə, məhz orta və son tunc dövrlərinə aid köhnə qəbiristanlıqlarda at skeletləri, ayrıca basdırılmış atlar və atlara aid çoxsaylı bəzək əşyaları (yəhər-qayış, tunc yüyən ağızlığı) tapılmışdır. Misal üçün, Gültəpədə(Naxçıvan) aparılan qazıntının ikinci və üçüncü təbəqələrində at sümükləri aşkar edilmiş, özü də üçüncü təbəqədə tapılan əhliləşdirilmiş atın sümükləri olmuşdur. At skeleti və at qoşqu ləvazimatları Azərbaycanın başqa qəbiristanlıqlarında, xüsusən də Qarabağda, Xanlar yaxınlığında tapılmışdır. Qazıntılar zamanı o vaxtın adəti kimi at totemi Naxçıvanda, Qarabağda, Mingəçevirdə, Gəncədə və s. yerlərdə aşkar edilmişdir. Mutan düzənliyində aparılan qazıntılar zamanı tapılmış qədim dövrlərə aid olması güman edilən at cəsədlərinin qalıqları da təsdiq edir ki, Azərbaycan atları əhliləşdirən regionlardan biri olmuşdur, bizim əcdadlarımız dünya atçılığının əsasını qoyanlar sırasında olublar. Bütün bunlar b.e.ə. II minilliyə aid edilir.

Bu da təsadüfi deyildir, çünki atlar o yerdə yetişdirilir ki, onlara qarşı xüsusi münasibət olur və bu, nəinki arxeologiyanın maddi dəlillərində, eləcə də etnik yaddaşda və genlərdə saxlanılır.

Qobustanın qayaüstü təsvirləri ilə yanaşı, folklorumuz və yazımız da bunları sübut edir. “Dədə-Qorqud” eposunda at igidin-pəhləvanın birinci sərvətidir, “Koroğlu” dastanında sahibinin hədsiz dərəcədə sevdiyi məşhur Qırat obrazını xatırlayın. Digər Azərbaycan dastanlarında at kultu od və dənizlə müqəddəsləşdirilən mifik köklərə gedib çıxır. Buna aid atalar sözləri və məsəlləri vardır: “atı yerişindən, qəhrəmanı duruşundan tanıyarlar”, “igid odur, atdan düşə atlana, igid odur hər zəhmətə qatlana” və s. Azərbaycanlıların etnik əcdadları oğuzlar at belində doğulmuş, ömrü boyu at belində olmuş və at belində də ölüblər. Bir sözlə, at Azərbaycanın sərvətlərindən biridir. Azərbaycan məişətinin yaxın keçmişindən ayrılmayan bir anlayışdır”.

Məlumatda bildirilir ki, Azərbaycan atları ərazimizin dövlət quruluşuna müvafiq olaraq nisey, midiya kimi adlanıblar: “Sonralar-Orta əsrlərdə Qarabağ atları kimi şöhrət qazanmışlar. Onlar qədim dövrlərdən döyüş şöhrətli olublar.

Məşhur alim İ. Dyakonovun yazdığı kimi, atçılıq və yüngül ikitəkərli döyüş arabası Urmiyaətrafı rayonlarda III minilliyin axırlarından gec olmayaraq yayılmağa başlamyıb. Xəzərdən və Urmiya ətrafı bölgədən qərbə doğru Nisey düzənliyinin Azərbaycanın tarixi ərazisinə birbaşa aidiyyəti vardır. Hər il hökmdarların tövlələrinə 20 mindən az olmayaraq seçmə at göndərilirdi. Məhz bu atlar b.e.ə. VI-V əsrlərdə Midiya qoşununun əsas zərbə qüvvəsini (cəng arabaları və süvarilər) təşkil edib, Assuriya hakimiyyətini məhv etməkdə, Urartu və Mannanı özünə tabe etməyə nail olmaqda Midiya çarlığına imkan verib.

Katerino Zenonun yazdığına görə, Orta əsrlərdə Azərbaycan hökmdarı Uzun Həsən öz qoşununda 300 min, lazım gəldikdə isə daha çox süvari çıxara bilirmiş. Təsadüfi deyildir ki, Azərbaycan Səfəvilərinin yerli atların dövlət hüdudlarından kənara çıxarılmasına qadağa qoymuşdular.

Düz XX əsrə qədər Qafqazın ən gözəl və nəcabətli at cinsi ərəb və axaltəkin qarışığı olan Qarabağ atları sayılırdı. Qarabağ cinsinə burada-vətənində Köhlən adı vermişdilər.

Bu atları bəylər və knyazlar minirdilər, onların qiymətini bütün Cənubi Qafqazda, Kiçik Asiyada və Rusiyada bilirdilər və bu atlar tez-tez İran atı adı altında hədiyyə və hərbi qənimət kimi istifadə olunurdu.

Bu cins dünyada ən qədim cinslərdən biridir. Bu cinsdən olan atlar orta boylu, gözəl başlı, qızılı rəngə çalan, sarı-qırmızı rəngli və yaxşı inkişaf etmiş əzələli atlardır. Yüz illər boyunca Qarabağ xanlarının tövlələrinin fəxri olmuş bu at cinsi müstəsna dözümlülüyünə və sahibinə sədaqətinə görə fərqlənmiş, dağ yollarında əvəzolunmaz olub.

Rus çarı I Nikolayın atı da həmin cinsdən idi. 1956-cı ildə sovet hökuməti İngilis kraliçasına “Zaman” ləqəbli atı hədiyyə kimi təqdim edib. “Xan” ləqəbli gözəl qızılı sarı-qırmızı rəngli ayğır 1867-ci ildə Paris Beynəlxalq Sərgisində nümayiş etdirilmiş və gümüş medal qazanıb.

Bir sözlə, Qarabağ atları yalnız qızılı, sarı - qırmızı rəngli olurdu, buna görə də onları tez-tez “sarlar” adlandırırdılar. Qızılı qonur rəngli quyruğu və yalı ilə fərqlənən nadir “narınc” rəngli atlar da var idi.

Xalis qanlı ingilis cinsinin Avropada oynadığı rolu Qarabağ at cinsi bütün Qafqazda oynayıb. “Qarabağ atları” digər Azərbaycan cinsinə, “dilboz” atlarına başlanğıc veriblər, onlar Qarabağ atlarının alınmasında istifadə edilirdi, ancaq “Köhlən”in qanı daha çox Don cinsində hiss olunur. Bu cinsin keyfiyyəti haqqında bir faktı xatırlatmaq lazımdır: 1823-cü ildə ingilislər Qarabağ xanı Mehdiqulu xandan 60 madyan alıblar. 1866, 1869, 1897-ci illərdə Qarabağ atları beynəlxalq sərgilərdə layiqincə təmsil olunmuş, qızıl və gümüş medallara layiq görülüb.


1869-cu il Ümumrusiya sərgisində Qarabağ ayğırları yüksək mükafatlar alıb, “Meymun” gümüş, “Toxmaq” isə bürünc medala layiq görülüb. Fotoşəklini ermənilərin mənimsədiyi “Əlyetməz” isə Azərbaycanın son dərəcə gözəl şairəsi Xurşud Banu Natəvan xanıma məxsus idi. Onun həyat yoldaşı Həsənbəy Usmiyev idi. “Əlyetməz” ayğırı elə X. Usmiyevin atçılıq zavodundan çıxıb. Əlyetməz nəinki xüsusi tərifnamə ilə mükafatlandırılıb, həm də o, Rusiya at zavodlarının damazlıq atı təyin olunub. Bu yaxınlarda ermənilər özlərinin “atçılıq ənənələrini” “nəsdiqləyən” poçt markası buraxıblar, markanın üzərində isə, təbii ki, at fotoşəkili var. Qarabağ ayğırı “Əlyetməz”. Buna əmin olmaq üçün ayğırın çar dövründə çəkilmiş fotosunu Ermənistanın bugünkü markasının üzərindəki təsvirlə müqayisə etmək bəs edər. O dövrün fotoşəkilləri saxlanılır ona görə ki, 1867-ci ilin Ümumrusiya sərgisində Əlyetməz mükafat almışdı və onun şəklinin altında belə bir yazı vardır: “Xanım Usmiyevanın at zavodundan olan Əlyetməz ayğırı”.
Azərbaycanda atçılığın qədim ənənələri bu gün də inkişaf etdirilir. Burada iki at zavodu və iki atçılıq təsərrüfatı vardır.Fncaq qeyd etmək lazımdır ki, Ağdamın Ermənistan tərəfindən işğalı Azərbaycanda atçılığın inkişafına mənfi təsir etmışdir, bu isə atların sayının kəskin, üç dəfəyə yaxın, azalmasına gətirmişdir. Qarabağ atları Bərdə rayonu Lənbəran kəndi ərazisinə köçürülmüş, buranın təbii şəraiti isə - suyu, bitkisi və torpağın özü – onların tarixi məskunlaşma arealını əvəz edə bilməz”.

Məlumatda o da qeyd olunur ki, statistikaya görə, hazırda Azərbaycanda 65 min at var: “Onlardan 20%-i Qarabağ və 15%-ə qədəri dilboz cinsinə aiddir, qalanları isə qarışıq və ya formalaşma mərhələsindədir. Əlbəttə, Qarabağın “Köhlən” atları Azərbaycanın at ilxılarının bəzəyidir. Ermənilərin oğurlayıb, şəklini poçt markalarında yerləşdirdikləri “Əlyetməz” də belə “köhlən”lərdən idi. Bu, “Qədim erməni atçılıq ənənələri” fonunda, o zamanlar ki “Qarabağ ayğırları ermənilər tərəfindən İranda yetişdirilirdi”, Azərbaycanın Qarabağ atları barədə qısa məlumatlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR