İstanbulda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib

İstanbulda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib
# 30 mart 2013 15:47 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbulda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Türk Ocaqları İstanbul şöbəsinin təşkil etdiyi toplantının açılışında çıxış edən qurumun başqanı Cezmi Bayram 31 mart soyqırımı barədə Türkiyədə məlumatın az olduğunu bildirib. Onun sözlərinə görə, bu tarixi hadisələrin Türkiyədə yüksək səviyyədə qeyd olunmaması utancvericidir.

C. Bayram Xocalı faciəsinin soyqırım kimi tanınması ucun Türkiyə Böyük Millət Məclisinə müraciət edəcəklərini də deyib.

Memar Sinan Universitetinin professoru Nesrin Sariahmetoglu ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımının sistemli şəkildə planlaşdırıldığını vurğulayıb. 31 mart soyqırımını türk tarixinin qara səhifələrindən biri kimi xarakterizə edən Nesrin Sariahmetoglu ermənilərin türklərə qarşı törətdiyi soyqırımlarının gənc nəsillərə daima öyrədilməsinin vacibliyindən bəhs edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisin deputatı Qənirə Paşayeva 31 mart soyqırımına Türkiyə mediasının və gənclərin maraq göstərməməsindən şikayətlənib. Türkiyə gəncliyini milli məsələlərə həssaslıq göstərməyə çağıran Q. Paşayeva dünyanın məlumatsızlığında özümüzün günahkar olduğumuzu söyləyib. Sosial mediadan istifadə sahəsində türk xalqlarının dünyada 5-ci yerdə olduğunu xatırladan Q. Paşayeva, buna baxmayaraq türk dilli gənclərin virtual məkanlarda milli məsələlərə az diqqət göstərdiyini vurğulayıb.

Q. Paşayeva qeyd edib ki, ABS-ın üç ştatında 1918-ci ilin 31 mart tarixi soyqırımı günü kimi qəbul edilib: “Deməli, biz ardıcıl səkildə və yorulmadan çalışanda bir çox şeyi dəyişdirməyə gücümüz çatir”. O, Türkiyədəki bələdiyyələrə müraciət edərək, onları 31 mart və Xocalı qətliamlarını soyqırımı günləri kimi tanıyan qərarlar qəbul etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR