Müxalifət liderləri Milli Şura yaradılması ideyasına münasibət bildirib - SORĞU

Müxalifət liderləri Milli Şura yaradılması ideyasına münasibət bildirib - <span style="color: red;">SORĞU
# 04 mart 2013 15:31 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Prezident seçkiləri ərəfəsində Azərbaycan müxalifətini birləşdirməyi hədəfləyən Milli Şuranın yaradılması təşəbbüsü bu düşərgədə təmsil olunan partiya funksionerləri tərəfindən birmənalı qarşılanmayıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, təmsil olunduğu qurumun bu ideyaya münasibəti müsbətdir: “Bu, partiyanın ölkədə demokratik dəyişikliklərə nail olması istiqamətində aparılan işlərdə fəal iştirak niyyəti ilə bağlıdır. Burada söhbət cəmiyyətin bütün demokratik potensialının bir araya gətirilərək, vahid komanda şəklində hərəkətindən gedir. Bu günə qədər biz dəfələrlə belə təşəbbüsdə olmuşuq, AXCP bu mövqeyini davam etdirir. Rüstəm İbrahimbəyovun bu təşəbbüsünə AXCP ilk gündən müsbət münasibət bəsləyib və bu istiqamətdə göstərilən bütün səylər bizim tərəfimizdən dəstəklənir. İndiki halda Milli Şuranın yaradılması rentabelli və optimal fəaliyyət mexanizmi hesab oluna bilər. Çünki bu gün heç bir partiya ölkədə mövcud şərtlər daxilində hansısa dəyişikliklər potensialına malik deyil”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə mövcud reallığı fərqli şəkildə dəyərləndirib: “Azərbaycanda istənilən təcrübəni həyata keçirmək mümkündür. Heç vaxt isə məsələnin nəticəsini nəzərə alan yoxdur. Bu məsələyə dair bütün informasiyaları mətbuatdan almışam. Partiyaya da heç bir müraciət edilməyib. Fikrimcə, bəzi məsələlər var ki, bu, yalnız media üçün hesablanıb. Çünki müxalifətçilərlə bir arada oturub söhbətləşmək də mümkün deyil”. M.Mirəlioğlu qeyd edib ki, müxalifətin bir mövqedən çıxış etməsinə münbit siyasi şərait səbəb ola bilər: “Təcrübədə Azərbaycanda hamını bir araya gətirmək imkanı sıfırdır. İyirmi beş ilə yaxındır Azərbaycanın əraziləri işğal altındadır. Hətta bu məsələ insanları bir araya gətirib, konkret iş görməyə məcbur edə bilməyib”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan indiki şəraitdə müxalifəti və cəmiyyətin narazı qüvvələrini bir araya gətirilməsi üçün hərəkata ehtiyacın duyulduğunu deyib. Onun sözlərinə görə, bu ümumxalq hərəkatı istənilən adda ola bilər. O, Milli Şura və müxalifətin bu kimi formatda birliyinin əldə olunması təşəbbüsünü müsbət dəyərləndirib. Hələlik Milli Şuranın yaradılmasına dair ALP ilə hər hansı danışıqların aparılmadığını söyləyən Ə.Temirxan qeyd edib ki, müxalifətin seçkilərə birgə getməsi ilə bağlı danışıqlar davam edir: “Sadəcə, müxalifət daxilində bizim birləşməyimizi istəməyən qüvvələr mövcuddur”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Milli Şuranın yaradılması təşəbbüsünə dair nə partiyaya, nə də təmsil olunduqları Demokratik Qüvvələrin Məşvərət Məclisinə heç bir qurum tərəfindən müraciət edilmədiyini deyib: “Hazırkı məqamda isə partiya olaraq fəaliyyətimizi Demokratik Qüvvələrin Məşvərət Məclisi çərçivəsində görürük. Müxalifətin inteqrasiyasına yönələn istənilən təklifi Məşvərət Məclisi formatında iştirak etməyə hazırıq”. O, Milli Şura ilə bağlı təklif olduğu təqdirdə, müzakirə etməyə hazır olduqlarını da qeyd edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Şuranın yaradılması təşəbbüsü ilə çıxış edən şəxslərin rəhbərlik etdiyi partiya ilə heç bir danışıqlar aparmadığını söyləyib: “Hər kəsin ideya sürmək, qarşısına məqsəd qoymaq haqqı var. Amma bir şeyi bilməlidirlər ki, Milli Şura deyilən anlayış ümumrespublika əhəmiyyətli olmalıdırsa, onun kökündə siyasi institutlar durmalıdır. Əgər belə olmayacaqsa, bu qurumun heç bir dayanıqlığı və təsir imkanları olmayacaq. Ayrı-ayrı fərdlərdən ibarət Milli Şuranın yaradılması heç nəyi dəyişməyəcək”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Milli Şuranın yaradılması təşəbbüsünü müsbət qiymətləndirib: “Düşünürəm ki, Azərbaycan cəmiyyətində nüfuza malik ola biləcək, öz ətrafında birləşdirə biləcək insanlardan ibarət qurum formalaşsa, bunun müsbət nəticələri ola bilər”. A.Hacılı adıçəkilən qurumun perspektivli olub-olmamaq ehtimalı haqda da danışıb: “Hələlik bunun yaradılması barədə ümumi söhbətlər gedir. Konkret müzakirələr başlanmayıb. Əgər Rüstəm İbrahimbəyov bununla bağlı daha konkret təkliflərlə çıxış etsə və bu proses başlansa, Milli Şuranın perspektivi haqqında daha birmənalı fikir bildirmək asan olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR