Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin nümayəndə heyəti AZƏRTAC-da olub

Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin nümayəndə heyəti AZƏRTAC-da olub
# 13 iyul 2015 16:51 (UTC +04:00)

Bakı – APA. Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin nümayəndə heyəti Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

APA-nın məlumatına görə, qonaqların səfəri informasiya texnologiyaları, əhalinin məlumatlandırılması və brendinq (ölkənin imicinin xaricdə yüksəldilməsi) sahəsində AZƏRTAC-ın təcrübəsini öyrənmək məqsədi daşıyıb.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Azərbaycanla Qazaxıstan arasında sıx əlaqələrdən ətraflı söz açaraq, dövlətlərimizin müstəqillik qazandıqları 24 il ərzində əldə olunmuş əhəmiyyətli uğurları vurğulayıb. Qonaqlara Azərbaycan dövlətçiliyinin inkişafı tarixinə dair məlumat verilib. Vurğulanıb ki, müsəlman Şərqində ilk parlamentli respublika məhz bizim ölkəmizdə yaradılıb. Müsəlman Şərqində ilk dəfə məhz burada kişilərə və qadınlara bərabər hüquqlar, seçmək və seçilmək hüququ, bütün azadlıqlar, o cümlədən söz azadlığı verilib, AZƏRTAC Dövlət Teleqraf Agentliyi yaradılıb.

Baş direktor A. Aslanov bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər sırasına təqribən 300 qəzet, 20 informasiya agentliyi, 50 televiziya kanalı daxildir. AZƏRTAC-ın dünyanın informasiya siyasətini müəyyən edən nüfuzlu informasiya alyanslarının rəhbər heyətlərində təmsil olunduğunu deyən A. Aslanov qeyd edib ki, 2016-2019-cu illərdə AZƏRTAC həm Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına, həm də Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.

A. Aslanov onu da bildirib ki, ölkəmiz regional və dünya səviyyəli nüfuzlu informasiya təşkilatlarına daxil olmaq üçün qardaş ölkələrin informasiya agentliklərinə, o cümlədən “Kazinform”a kömək edir.

Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin nümayəndələri dövlətimizin fəaliyyəti, təqdim olunan informasiyanın şəffaflıq səviyyəsi, onun sərbəst yayılması və bu məsələlərdə AZƏRTAC-ın rolu barədə ictimaiyyətin məlumatlılıq səviyyəsinin vəziyyəti ilə maraqlanıblar.

A.Aslanov vurğulayıb ki, ölkəmizin rəhbərliyi həmin məsələlərə böyük diqqət yetirir, həm dövlət, həm də özəl kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyət göstərməsinə hərtərəfli kömək edir, Azərbaycanda jurnalistlərin səmərəli fəaliyyətinin təşviq olunmasına hər cür şərait yaradır. O bildirib ki, müasir reallıqları nəzərə alsaq, AZƏRTAC-ın siyasətinin əsas prioritetlərindən biri agentliyin saytının yeddi dildə fəaliyyət göstərməsi ilə bərabər, xəbərləri sosial şəbəkələr vasitəsilə yaymaqdır, çünki hazırda bu yol təqdim olunan informasiyanın operativliyinin və obyektivliyinin ən yaxşı qarantı sayılır.

İnformasiyanın yayılması üsullarının və texnologiyalarının inkişafı barədə fikir mübadiləsi aparan görüş iştirakçıları bu sahədəki təcrübələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR