Roman Qriqorçuk: “Güclü komandaya qarşı oynayacağıq”

Roman Qriqorçuk: “Güclü komandaya qarşı oynayacağıq”
# 30 sentyabr 2015 19:17 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Avropa Liqasında mübarizə aparan “qırmızı-qaralar” qrup mərhələsinin ikinci turu çərçivəsində sabah “Krasnodar”ın qonağı olacaq. Qarşılaşma öncəsi bu gün təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis sözlərinə bu cür davam edib: “Sabahkı oyuna köklənmişik. Artıq matçı gözləyirik”.

- Start heyətində hansısa dəyişiklik etmisiz?

- Start heyətini hələ tam bilmirəm. Məşqdən sonra köməkçilərlə yaxşıca təhlil edəcəyik. Ola bilər bu gecə, ola bilər sabah heyəti müəyyənləşdirdik. Sabah günün birinci yarısında bilinəcək.

- “Krasnodar”ın çempionatın son turunda “Terek”lə qarşılaşmasında dəqiq ötürmə sayı 50 faizdən aşağı olub. Bu, sizin üçün üstünlükdü?

- Yalnız bir oyuna əsasən qiymət verə bilmərik. Digər matçlarında top itkiləri az olub, keyfiyyətli oynayıblar. Başa düşürük ki, “Krasnodar” yaxşı futbol göstərir. Hücum potensialına baxanda imkanlarını görürsən. Sürətli və cəld komandadı. Mütləq onu qeyd etməliyik ki, çox ağıllı baş məşqçiləri var. Bu da onu göstərir ki, rəqibimiz yaxşı oyun göstərə bilər.

- Oleq Kononovun çalışdırdığı komandalar xarakter nümayiş etdirir. Sizcə, bunu nə ilə bağlamaq olar?

- Kononovun komandaları konkret, mənalı, dəqiq oyun göstərir. Bu da oyunda böyük rol oynayır.

- Rəqib də sizi çox yaxşı tanıyır. Onları təəccübləndirmək üçün hansısa sürpriz hazırlamısız?

- Məncə, bir neçə dəfə sürpriz etmişik. Biz hər rəqibə qarşı hazırlaşa bildiyimizi göstərmişik. Onları yaxşıca təhlil edirik. Əsas odu ki, sabah düzgün, ağıllı futbol oynayaq. Rəqibin oyununa əsasən də müəyyən gedişatlar edəcəyik.

- Floresku, Cavadov və Antonov Rusiya çempionatında çıxış ediblər. Onlardan hansısa məlumat almısız?

- Məncə, bunun heç bir təsiri olmayacaq. Sabah statistika rol oynamayacaq. Belə şeylərə diqqət yetirmək vaxt itkisidir. Əsas odu ki, rəqibi yaxşı təhlil edək, beynimizdə olanları meydançada göstərək. Statistika yox, oyun nəticəni müəyyən edəcək.

- Krasnodardakı isti hava bizi bir qədər təəccübləndirdi. Rəqibi soyuq duşa salmaq hansı sürprizləriniz olacaq?

- Bunu etmək çox çətindir. Çünki çox güclü komandaya qarşı oynayacağıq. Soyuq duş yox, amma sərinləşdirə bilərik.

- “Krasnodar” son vaxtlar qeyri-sabit oynayır, 4 qol vurub, 6 top buraxıb. Rəqibin hansı keyfiyyəti sizi narahat edir: hücumu, yoxsa müdafiəsi?

- Hər ikisi bir-biri ilə bağlıdır. Yalnız müdafiə və ya hücuma diqqət yetirmək olmaz. Bu, istisna kimi 1-2 oyunda ola bilər. Hücumu neytrallaşdırıb, müdafiədəki boşluqlardan yararlana biliriksə, bu, bizə nəticə gətirəcək.

- Sabah sizi hansı nəticə qane edəcək?

- Həmişə olduğu kimi, yenə 5:0 bizim xeyrimizə. Onu yazın ki, mən bunu gülərüzlə dedim. Sonra düşünməsinlər ki, rəqibə hörmətsiz yanaşıram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR