Salehi: “İranla ABŞ arasında birbaşa danışıqların aparılması barədə qərar yalnız Xamneyinin səlahiyyətindədir”

Salehi: “İranla ABŞ arasında birbaşa danışıqların aparılması barədə qərar yalnız Xamneyinin səlahiyyətindədir”
# 12 noyabr 2012 12:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bu ilin noyabr ayında yenidən görüşmək barədə razılığa gəlib”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, S.Cəlili və K.Eşton arasında keçiriləcək görüşdə İranla “altılıq” ölkələri arasında baş tutacaq növbəti nüvə müzakirələrinin vaxtı və yeri müəyyənləşəcək: “İran heç vaxt müzakirələrdən geri çəkilməyib, görüşün gecikməsinə görə yalnız Qərb ölkələri məsuliyyət daşıyır”.

Ə.Salehi İranla ABŞ arasında birbaşa müzakirələrin keçirilməsinin mümkün olub-olmamasına da toxunub: “İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həlli üçün iki ölkə arasında birbaşa danışıqların aparılması mümkündür. İran ABŞ-la dolayı yolla da olsa, müxtəlif səpkidə müzakirələr aparıb. Bunu nümunə olaraq İraq, Əfqanıstan və s. problemlərini göstərmək olar. Hazırda da İran “altılıq” ölkələri çərçivəsində ABŞ-la dolayı yolla müzakirələr aparır. Ancaq ABŞ-la müxtəlif mövzularla bağlı danışıqlar aparmaq barədə qərar qəbul etmək yalnız İranın ali dini lideri, ayətullah Əli Xamneyinin səlahiyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR