Azad Rəhimov Latın Amerikası ölkələrinin gəncləri ilə görüşüb

Azad Rəhimov Latın Amerikası ölkələrinin gəncləri ilə görüşüb
# 23 noyabr 2012 15:46 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda 4 Latın Amerikası ölkəsi ilə gənclərlə iş sahəsində təcrübə mübadiləsi proqramı reallaşdırılır. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, bu müddətdə Kolumbiya, Kosta-Rika, Meksika və Panamadan 43 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfər “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu gün nümayəndə heyəti Gənclər və İdman Nazirliyində olub. Qonaqları salamlayan nazir Azad Rəhimov bildirib ki, Gənclər və İdman Nazirliyi dünyanın bir çox ölkələri ilə beynəlxalq əlaqələrə malikdir. Lakin əfsuslar olsun ki, bu ölkələr arasında Latın Amerikası dövlətləri hələlik yoxdur. Bu səfərin Azərbaycanın Kolumbiya, Kosta-Rika, Meksika və Panama ilə gənclər sahəsindəki əlaqələri baxımından ilk addım olduğunu bildirən nazir qeyd edib ki, bu xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir: “Sizin ölkəmizlə tanışlığınız üçün geniş proqram tərtib olunub. Ümidvaram ki, siz burdan öz vətəninizə qayıtdıqdan sonra, öz ölkənizdə Azərbaycanın gənc səfiri missiyasını daşıyacaqsınız”.

Görüşdə qonaqlara Gənclər və İdman Nazirliyi barədə ətraflı məlumat verən nazir daha sonra gəncləri maraqlandıran sualları cavablandırıb.

Gənc qonaqlar əsasən, dövlət gənclər siyasəti və Azərbaycanın idman nailiyyətləri ilə maraqlanıblar.

Qeyd edək ki, səfər dekabrın 2-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR