Azərbaycan gələn il kommunal infrastruktur layihələrinə 6 mlrd. dollar ayıracaq

Azərbaycan gələn il kommunal infrastruktur layihələrinə 6 mlrd. dollar ayıracaq
# 13 noyabr 2012 14:37 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanda kommunal infrastruktur layihələrinə 4,8 mlrd. manat (təxminən 6 mlrd. ABŞ dolları) ayrılacaq ki, bununla da respublikanın şəhər və rayonlarının qazlaşdırılması tam başa çatacaq, şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri, istilik xətləri və qazanxanaları yenidən qurulacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.


Onun sözlərinə görə, su ehtiyatları və irriqasiya layihələrinə 1,5 mlrd. manat ayrılacaq və nəticədə Şəmkir çayı üzərində dəryaçanın, Tovuzçay, Taxtakörpü su anbarlarının, Samur-Abşeron su kanalının tikintisi başa çatdırılacaq: «Cari ildə Yuxarı Mil kanalının birinci mərhələsinin tikintisi başa çatdırılıb, növbəti ildə layihənin ikinci mərhələsinin tikintisinə başlanılacaq».


Ş.Mustafayev onu da qeyd edib ki, bu dövrdə energetika və sənaye layihələrinin ümumi dəyəri 5,7 mlrd. manat təşkil edəcək: «Azot gübrələri zavodunun tikintisi, Abşeron hibrid günəş, külək elektrik stansiyasının, Naxçıvan Muxtar Respublikasında Ordubad Su Elektrik Stansiyasının tikintisi və s. layihələr tamamlanacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR