Milli Məclisin Sosial siyasət komitəsi “İctimai iştirakçılıq haqqında” qanun layihəsini müzakirə edib

Milli Məclisin Sosial siyasət komitəsi “İctimai iştirakçılıq haqqında” qanun layihəsini müzakirə edib
# 20 fevral 2013 13:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İctimai iştirakçılıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.

H.Rəcəbli bildirib ki, ictimai iştirakçılığın maliyyələşməsi məsələsi xüsusi müzakirə olunmalıdır. Onun sözlərinə görə, qanun layihəsində ictimai iştirakçılığın dövlət büdcəsindən maliyyəşməsi nəzərdə tutulub və bunun həcmi aydınlaşdırılmalıdır: “Maliyyə tutumu plenar iclasa kimi hesablanmalıdır”. O qeyd edib ki, burada yaradılacaq İctimai Şura hansısa qurumu əvəz etməyəcək, tam yeni bir forma olacaq.

Deputat Musa Qiliyev isə bildirib ki, qanun xüsusilə korrupsiyaya qarşı mübarizədə vacib rol oynayacaq: “Çünki korrupsiyaya qarşı mübarizədə tək inzibati və iqtisadi tədbirlər yox, ictimai iştirakçılıq da əhəmiyyətli rol oynayır”.

Deputat Yaqub Mahmudov qanuna yenidən nəzər salmağın vacibliyini vurğulayıb: “Bu gün Azərbaycanda çoxlu ictimai təşkilat var, hərəsi də bir yerdən maliyyələşir. Onlar arasında fərqi müəyyən etmək lazımdır. Eyni zamanda burada mənim üçün bir sual da doğur ki, yaradılacaq İctimai Şura ölkədəki idarəetmə iyerarxiyasına tabe olacaq, yoxsa müstəqil olacaq. Əgər bu Şura yuxarılardan məsləhətlə idarə olunacaqsa, bu düzgün deyil. Bu, qanunda açıq qalıb, ona görə də sənədə ciddi əl gəzdirilməlidir”.

Qeyd edək ki, 4 fəsil, 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər. Burada İctimai Şura - müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildən birdir. İctimai Şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır. Qanun vətəndaşların icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməyə, onlarla səmərəli qarşılıqlı fəaliyyəti təmin etməyə, bu qurumların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına xidmət etməyi nəzərdə tutur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, bundan əvvəl sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsində də müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR