“Əmir Qafqaz” qrupunun üzvü olmuş çeçen İstanbulda öldürülüb

“Əmir Qafqaz” qrupunun üzvü olmuş çeçen İstanbulda öldürülüb
# 02 noyabr 2015 11:13 (UTC +04:00)

Bakı-APA. Türkiyənin İstanbul şəhərində daha bir çeçen qətlə yetirilib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 31 yaşlı Georgi Kamayev evinin qarşısında odlu silahla öldürülüb. Silahlı naməlum şəxslər lüks avtomobili ilə evinin qarajına girmək istəyən G. Kamayevi atəşə tutublar.

Onun 2008-ci ildə Çeçenistandan Türkiyəyə köçdüyü və xeyli müddət orada yaşadığı, sonra Suriyaya getdiyi müəyyənləşib. Məlum olub ki, G. Kamayev Çeçenistanda “Əmir Qafqaz” qrupunun tərkibində döyüşüb. “Moqamed Edelgriev” kimi tanınan G. Kamayevin 3 qardaşının da silahlı birləşmələrdə döyüşdüyü və öldürüldüyü məlum olub.

Məlumata görə, G. Kamayev qısa müddət əvvəl arvadı və uşaqları ilə birlikdə Suriyadan Türkiyə keçib. O, Suriyada hökumət qüvvələrinə qarşı döyüşüb. Orada əri ölən bir qadınla evlənib və onun 2 azyaşlı uşağını övladlığa götürüb.

Qeyd edək ki, bundan əvvəl də İstanbulda 4 çeçen yaraqlı öldürülüb. Onların qətlində səs boğuculardan istifadə olunub. Cinayətlərlə bağlı 'Zona' kod adı ilə tanınan çeçen əsilli Temur M. saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR