SOCAR Tatarıstanın neft şirkətləri ilə əməkdaşlıqda maraqlıdır

SOCAR Tatarıstanın neft şirkətləri ilə əməkdaşlıqda maraqlıdır
# 13 aprel 2015 13:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev Azərbaycanla Tatarıstanın bir-birinə dərin tarixi köklərlə bağlı olduğunu söyləyib, hər iki respublikada neft-qaz sənayesinin yüksək inkşaf etdiyini vurğulayıb.

SOCAR prezidenti yeni neft strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri barədə ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı mühüm roldan danışıb. 2013-cü ilin sonlarında R. Zaripovun Bakıya səfərini xatırladan R. Abdullayev həmin görüşdən sonra SOCAR-la Tatarıstanın neft sektoruna daxil olan iri müəssisə və şirkətlər arasında əməkdaşlığın daha da zənginləşdiyini qeyd edib.

R. Zaripov Tatarıstanın neft-qaz sənayesinin yaradılmasında və sonrakı inkişafında Azərbaycan mütəxəssislərinin rolunu yüksək qiymətləndirib, Tatarıstan iqtisadiyyatında mühüm yer tutan neft-qaz sənayesinin SOCAR-ın müxtəlif idarə və müəssisələri ilə tarixən mövcud olmuş dərin əməkdaşlıq əlaqələrinin bərpa edilməsində və genişləndirilməsində maraqlı olduğunu söyləyib. “Tatneftkimyainvestisiya” Holdinqinin, “Buqulma” elektrik nasosları zavodunun, neft-qaz maşınqayırma sektorunda lider olan QMS qrupunun nümayəndələri Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti, eləcə də SOCAR-la mümkün əməkdaşlıq perspektivləri haqqında geniş təqdimatlarla çıxış ediblər.

R. Abdullayev şirkətin, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi, Sumqayıt Kimya Texnoparkı, “Polimer” zavodunun inşa edilməsi və digər iritutumlu layihələrindən ətraflı bəhs edərək, Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını vurğulayıb və Tatarıstan şirkətləri ilə səmərəli əməkdaşlıq üçün hər cür şəraitin olduğunu bildirib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR