Azərbaycan prezidenti Ziya Yusifzadənin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan prezidenti Ziya Yusifzadənin vəfatı ilə əlaqədar başsağlığı verib
# 30 sentyabr 2015 13:57 (UTC +04:00)

APA-nın məlumatına görə, başsağlığında deyilir:

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış dövlət xadimi, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Məmmədiyyə oğlu Yusifzadə 2015-ci il sentyabrın 29-da ömrünün 87-ci ilində vəfat edib. Z. Yusifzadə 1929-cu il fevral ayının 15-də Şəki şəhərində anadan olub. Orta təhsilini 1946-cı ildə Zaqatala şəhərində başa vurubr. O, 1947–1952-ci illərdə Moskva Dövlət Xarici Dillər Pedaqoji İnstitutunda ingilis dili ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1946–1947-ci illərdə Zaqatala şəhər orta məktəbində müəllim kimi başlayan Z. Yusifzadə 1952–1953-cü illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunda müəllim işləyib, 1953–1956-cı illərdə Azərbaycan Respublikası Maarif Nazirliyinin məktəblər idarəsinin inspektoru və eyni zamanda, 1954–1956-cı illərdə Azərbaycan Respublikası Nazirlər Sovetinin İşlər İdarəsinin referenti vəzifələrində çalışıb.

1956-cı ildən etibarən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul edilən Z. Yusifzadə 1962-ci ilədək burada müxtəlif vəzifələr tutub, 1973-cü ildən isə Komitədə rəhbər vəzifələrdə çalışaraq 1977-ci ilədək Komitə sədrinin müavini, 1977–1980-ci illərdə Komitə sədrinin 1-ci müavini, 1980–1988-ci illərdə Komitənin sədri olub. O, 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbələrini alıb.

1988-ci ildə təhlükəsizlik orqanlarından istefaya çıxan Z. Yusifzadə həmin vaxtdan 1992-ci ilədək Azərbaycan Respublikası Nazirlər Sovetinin daimi yaşayış yerlərini tərk etmiş əhali ilə iş üzrə xüsusi şöbəsinin müdiri işləyib. O, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi olub.

Z. Yusifzadənin ömrünün 70 ilə yaxın bir dövrü Azərbaycan dövlət idarəçiliyi sistemində keçib. Onun Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarındakı uzunmüddətli fəaliyyəti yüksək professionallıq nümunəsidir. Z. Yusifzadə çalışdığı hər bir sahədə məhz özünün zəngin biliyi, fədakarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində bütün vəzifələrin öhdəsindən bacarıqla gəlib. Müstəqil Azərbaycanın dövlət təhlükəsizliyi sistemi formalaşdırılarkən milli kadrların hazırlanması işinin müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var. Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının geniş dünyagörüşlü, peşəkar kadrlar yetişdirən xüsusi təyinatlı, mötəbər ali təhsil ocağı kimi təşkilində Ziya Yusifzadənin fəaliyyəti təqdirə layiqdir.

Ziya Yusifzadə bir neçə çağırış Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. O, vətənə şərəflə xidməti həyatının başlıca amalına çevirib, ölkədə baş verən proseslərə münasibətdə daim obyektivlik nümayiş etdirib və dövlətçilik prinsiplərini hər zaman uca tutub.

Ziya Yusifzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir çox orden və medallarla təltif olunub, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Azərbaycan Bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb.

Tanınmış dövlət xadimi, bacarıqlı təşkilatçı və gözəl pedaqoq Ziya Məmmədiyyə oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Eldar Mahmudov

Zakir Həsənov

Ramil Usubov

Fikrət Məmmədov

Yavər Camalov

Mikayıl Cabbarov

Elçin Quliyev

Fəttah Heydərov

Dadaş Rzayev

Tofiq Ağahüseynov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR