Macar investorlar Azərbaycanın DATA mərkəzinə maraq göstərir

Macar investorlar Azərbaycanın DATA mərkəzinə maraq göstərir
# 02 oktyabr 2015 10:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Macarıstan səfiri İmre Laslotski ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ə.Abbasov ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə, xüsusən rabitə və yüksək texnologiyalar sahəsində daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, İKT-nin bir çox istiqamətləri üzrə Macarıstan və Azərbaycan arasında əməkdaşlığa maraq göstərildiyini vurğulayıb.

Nazir səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər fonunda Azərbaycanın İKT sahəsində macar təcrübəsinin tətbiqinin faydalı ola biləcəyini və münasibətlərin gələcəkdə də dinamik inkişaf etdirilməsinə böyük önəm veriləcəyini nəzərə çatdırıb.

İ.Laslotski də əlaqələrin müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, rabitə və yüksək texnologiyalar sahəsində genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı öz fikirlərini paylaşıb.

Azərbaycanda qurulan Tier III səviyyəli regional DATA mərkəzinə, eyni zamanda qarşılıqlı investisiya qoyuluşuna macar şirkətləri tərəfindən böyük maraq göstərildiyini deyən diplomat 2-5 dekabr tarixində Bakıda keçiriləcək XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel 2015”) sərgi və konfransında Macarıstanın milli pavilyonla iştirak edəcəyini nəzərə çatdırıb.

Münasibətlərin inkişafına görüş və qarşılıqlı səfərlərin müsbət təsirindən də söz açan İ.Laslotski 12-15 oktyabr tarixlərində Budapeştdə keçiriləcək “ITU Telecom World 2015” beynəlxalq sərgi və konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı məmnunluğunu ifadə edib.

Görüşdə əməkdaşlığın inkişafı istiqamətində maraq doğuran digər istiqamətlər bir daha nəzərdən keçirilib və ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR