İtaliya səfiri: “Prezidentlərin görüşləri o deməkdir ki, danışıqlarda irəliləyiş var”

İtaliya səfiri: “Prezidentlərin görüşləri o deməkdir ki, danışıqlarda irəliləyiş var”
# 25 iyun 2016 13:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın əvvəlcə Vyanada, daha sonra isə Sankt-Peterburqda görüşməsi çox müsbət haldır. Bu, o deməkdir ki, danışıqlarda irəliləyiş mövcuddur”.


APA-nın xəbərinə görə, bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo “Auditoriyada səfirdir” adlı tədbir zamanı sualları cavablandırarkən deyib.

Azərbaycana gəlməzdən öncə Dağlıq Qarabağ münaqişəsi barədə ümumi bilikləri olduğunu söyləyən səfir qeyd edib ki, Azərbaycana gəldikdən sonra bu məsələnin hər bir ölkə vətəndaşı üçün ən vacib, fundamental məsələ olduğunu anlayıb: “Çünki Dağlıq Qarabağ münaqişəsi sizin suverenliyiniz, ərazi bütövlüyünüzlə bağlı olan məsələdir. Hər şeydən əvvəl, müharibə zamanı çoxlu sayda insan ölüb və ya yaşadığı torpaqları tərk etmək məcburiyyətində qalıb. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan üçün milli prioritet olması anlaşılandır. Bir diplomat, İtaliya hökumətinin nümayəndəsi olaraq, demək istəyirəm ki, biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik. Müharibənin gələcəyi yoxdur, bu, ancaq əvvəlki acılara və dağıntılara yenilərini əlavə edə bilər”.

C. Kutilyo bildirib ki, tərəflər arasında dialoqun asanlaşdırılması ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu həmsədrlərinin səlahiyyətində olan məsələdir: “Əlbəttə, İtaliya və Avropa İttifaqı olaraq həmsədrlərin işinə dəstəyimizi ifadə etmişik. İnanırıq ki, hazırda çox vacib mərhələdəyik”.


C. Kutilyonun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan tərəfindən təmas xəttində toqquşmaların aradan qaldırılması və atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı addımlar atılır: “Vəziyyətin irəliyə doğru aparılması zəruridir. Biz çox aydın şəkildə dedik ki, mövcud “status kvo” həll yolu deyil. Biz həmişəlik bu vəziyyəti olduğu kimi saxlaya bilmərik. Hazırda tərəflərin münaqişənin irəliyə doğru aparılması üçün praktik, konkret əsaslar üzrə işləməsinə ehtiyac var. Ümid edirəm ki, bu, həllə yol açacaq. Bunun üçün qarşılıq etimad qurmaq lazımdır. Bu, çox çətindir. Çünki itirilmiş etimadı bərpa etmək asan deyil. Lakin bu, çox vacib məqsəddir”.

Səfir hesab edir ki, etimad quruculuğu tədbirlərinin uğurla nəticələnməsi üçün beynəlxalq birlik səylərini əsirgəməməlidir: “İtaliya 2018-ci ildə ATƏT-ə sədrlik edəcək. İnanıram ki, biz sədrliyimizi uğurla həyata keçirəcəyik. Əminəm ki, həmin vaxta kimi çox irəliləyiş müşahidə olunacaq. İtaliya öz sədrliyi dövründə əlindən gələni edəcək ki, münaqişənin həllinə töhfə versin”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR