Bakıda Azərbaycan-Çin biznes forumu keçirilib - FOTO

Bakıda Azərbaycan-Çin biznes forumu keçirilib - <span style="color: red;">FOTO
# 18 aprel 2013 15:24 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Çin biznes forumu keçirilib.


«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov iki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb və bildirib ki, Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının indiyədək 4 iclası keçirilib: “Bu iclaslarda imzalanmış protokollar müxtəlif sahələri əhatə edir, hazırda da bu sahələr üzrə əməkdaşlıq aparılır. İki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində 20 sənəd imzalanıb və tərəflər arasında hazırda möhkəm hüquqi baza mövcuddur”.

N.Səfərov onu da bildirib ki, hər iki ölkənin iqtisadiyyatı uğurla inkişaf edir və tərəflər arasında ticarət dövriyyəsi ilbəil artır: "Çin Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir və Azərbaycan bu ölkə ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Ümid edirəm ki, bugünkü biznes-forum iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə təkan verəcək". Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda ticarət, rabitə, tikinti, kənd təsərrüfatı, bank, sığorta və s. sahələrdə 69 Çin şirkəti fəaliyyət göstərir.


Tədbirdə çıxış edən Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası (CCPİT) sədrinin müavini Janq Vey iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Çin-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişafı üçün böyük potensial və imkanların olduğunu diqqətə çatdırıb.


Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Honq Jiuy iki ölkə arasındakı əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib və bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 17,6% artaraq 1,2 mlrd. ABŞ dollarına çatıb.
Tədbir çərçivəsində CCPİT və Azpromo arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.


Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Tədbirdə qida, tikinti, yük avtomobillərinin istehsalı, İKT, infrastruktur, enerji, taxta və taxta məhsullarının emalı, logistika, turizm, media, daşınmaz əmlak, tikinti üçün texnikanın istehsalı və digər sektorları təmsil edən Çin sahibkarları, həmçinin dövlət strukturlarının nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR