Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçiriləcək

Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçiriləcək
# 01 oktyabr 2012 06:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Macarıstan Nazirlər Kabinetinin şöbə müdirinin müavini Peter Bilekin rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Macarıstan tərəfindən kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən 30-dan çox iş adamı iştirak edib.

Tədbirdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkədə yaradılmış biznes və investisiya mühiti barədə geniş məlumat verib, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayaraq, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora iki ölkə arasında iqtisadi əlaqələr və Macarıstanda investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

İşgüzar görüşdə Macarıstan iş adamları təmsil etdikləri şirkətlər haqqında təqdimatlarla çıxış ediblər. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə yekunlaşıb.

Qeyd edək ki, oktyabrın 8-9-da Azpromo-nun təşkilatçılığı ilə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə səfər edəcək. Səfər zamanı Macarıstan-Azərbaycan biznes forumu və hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR