Naxçıvanda fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib

Naxçıvanda fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
# 31 oktyabr 2012 15:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı əlaqədə fəaliyyəti, axtarış-xilasetmə işlərinin aparılması zamanı idarəetmənin təşkili” mövzusunda kompleks taktiki təlim keçirib. APA-nın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən verdiyi məlumata görə, təlimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov izləyib.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev mülki müdafiə işinin təşkili sinfi və “112” qaynar telefon xətti barədə məlumat verib. Bildirib ki, mülki müdafiə kursları üçün yaradılmış sinif otağı radiasiya-axtarış, ölçü, dozimetrik nəzarət və kimya kəşfiyyat cihazları, fərdi və tibbi mühafizə vasitələri ilə təchiz edilib. Burada muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallar üzrə dərs və təlimlər keçirilir.

Məlumat verilib ki, təlimin əsas məqsədi fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına hazırlığın təmin edilməsi üçün peşəkar xilasedicilərin bilik və bacarıqlarının artırılması, ekstremal şəraitdə axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasına hazırlaşmaqdan ibarətdir. Təlimə nazirliyin Mülki Müdafiə Alayı, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, ümumilikdə 210 nəfər şəxsi heyət, 38 xüsusi təyinatlı texnika cəlb edilib.

Sonda Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi üçün alınmış 5 ədəd “Chevrolet”, 1 ədəd “QAZel” markalı minik və 1 ədəd “Nissan Patrol” markalı xüsusi təyinatlı xidməti avtomobillərə baxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR