Baş nazirin müavini: “Azərbaycan və İran arasında münasibətlərin soyumasında maraqlı olan qüvvələr var” - FOTO

Baş nazirin müavini: “Azərbaycan və İran arasında münasibətlərin soyumasında maraqlı olan qüvvələr var” - <span style="color: red;">FOTO
# 15 aprel 2015 14:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, Ə. Həsənov deyib ki, bu səfər onun keçən il İrana rəsmi səfərinə cavabdır.

Baş nazirin müavini bildirib ki, keçən il prezident İlham Əliyevin İrana, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra əməkdaşlıq intensivləşib. O qeyd edib ki, İran böyük, güclü dövlətdir, böyük dövlətçilik tarixinə malikdir: “İran Ermənistanın Azərbaycana təcavüzü, 1 milyon qaçqın və məcburi köçkün olduğu zaman Azərbaycana dost əlini uzadan dövlətdir. Azərbaycanda fəaliyyət göstərən İmam Xomeyni İmdad Komitəsi indiyə qədər bu məqsədlə 50 milyon dollara qədər yardım göstərib. İranın digər humanitar təşkilatları da bu sahədə ciddi yardımlar ediblər. Bütün bunlar bir daha göstərir ki, iki dost, qardaş ölkələr arasında münasibətlər çətin dövrlərdə özünü daha çox büruzə verir”.

Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu söyləyən Ə. Həsənov bəyan edib ki, bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərini həll etmək iqtidarındadır: “Ancaq bizi maraqlandıran əsas problem torpaqlarımızın işğaldan azad edilməsidir. Təəssüf ki, bu gün dünyada ədalətsizlik hökm sürür. BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələri, qərarları icra olunmur. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ probleminin həlli ilə səthi məşğul olurlar, ona görə problem həll olunmur. Necə olur ki, Liviyada, İraqda BMT-nin qətnaməsi dərhal yerinə yetirildi? Regionda İran və Türkiyə kimi böyük müsəlman dövlətləri var, Azərbaycan da son 20 ildə beynəlxalq aləmdə yerini tutub. Hesab edirik ki, İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, region və bu ölkələr üçün o qədər yaxşı olar. Təəssüf ki, Azərbaycan və İran arasında münasibətlərin soyumasında maraqlı olan bəzi dövlətlər, bəzi beynəlxalq təşkilatlar var. İki xalq, dövlət arasında nifaq salmaq mümkün deyil”.

Bu səfərdən əlidolu qayıdacağına inandığını vurğulayan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii isə nümayəndə heyətində iqtisadiyyat, xüsusən dərman istehsalı sahəsində ixtisaslaşan təşkilatların nümayəndələri olduğunu nəzərə çatdırıb: “Əlillərin reabilitasiyası sahəsində də əməkdaşlıq etməyə hazırıq”.

İki ölkə arasında münasibətlərin inkişafı yönündə fikirlərlə həmrəy olduqlarını qeyd edən Ə. Rəbii deyib ki, Azərbaycan torpaqlarının işğal altında olması İran üçün də xoş deyil: “Bu münaqişənin həllini və beynəlxalq təşkilatların qəbul etdikləri qərarların tezliklə icra olunmasını istəyirik. İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə ədalətli həllini tapacaq. Biz sizin yanınızdayıq. Bəzi ölkələrin münaqişənin həllində maraqlı olmadığı barədə fikirlərinizlə həmrəyəm, o dövlətlər öz ciblərini doldurmaq istəyirlər. Biz bir-birimizə kömək olub, problemlərimizi özümüz həll etməliyik. Biz problemlərimizi birgə həll etməliyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR