Azərbaycanın dağlıq ərazilərində aparılan qarölçmə işlərinin ilkin nəticələri açıqlanıb

Azərbaycanın dağlıq ərazilərində aparılan qarölçmə işlərinin ilkin nəticələri açıqlanıb
# 11 mart 2014 12:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Martın 3-dən başlayaraq Azərbaycanın dağlıq ərazilərində, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Hazırda bu işlərin davam etdirildiyini deyən A.Verdiyev qeyd edib ki, əsas məqsəd ölkə ərazisində toplanan qarın sıxlığını, hündürlüyünü və sululuğunu müəyyən etməkdir. Onun sözlərinə görə, qarölçmə işləri Böyük Qafqazda Balakən, Quba, Qusar, Şəki, Qax, Oğuz, Qəbələ rayonlarında, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının çay hövzələrində, eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisindəki çay hövzələrində aparılır: “Ümumilikdə qarölçmə işləri respublikanın dağlıq ərazilərində 28 marşrut üzrə əhatə olunacaq. Bu işlər martın 14-də başa çatdırılacaq. Bundan sonra hesablama işlərinə başlanacaq və ümumi respublika üzrə qarda olan su ehtiyatları müəyyən ediləcək. Buna əsasən aprel-may-iyun ayına gözlənilən yağıntının və temperaturun proqnozu veriləcək. Yaz-yay gursululuq dövründə respublikanın çaylarında gözlənilən sululuğun proqnozu tərtib olunacaq. Aparılan ölçü işlərinin ilkin nəticələrinə əsasən, deyə bilərik ki, bu ilk ölkədə qar örtüyü ötən illə müqayisədə azdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR